Azərbaycan-Türkiyə həmkarlar ittifaqları arasında münasibətlər inkişaf edir (FOTO)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr
müavini Cavanşir Alxasov Türkiyə Kamu Çalışanları Sendikaları
Konfederasiyasının 7-ci qurultayında iştirak edib.

Tədbirdə çıxış edən C.Alxasov Azərbaycan-Türkiyə
münasibətlərindən danışıb. Bildirib ki, bütün dünyaya nümunə olan
və daim güclənən Azərbaycan-Türkiyə əlaqələrinin davamlı olaraq
inkişafı türk dünyasını daha sıx şəkildə bir araya gətirməkdədir.
Onun sözlərinə görə, Azərbaycan tarixinin ən şanlı səhifəsi olan 44
günlük Vətən müharibəsi dövründə qardaş Türkiyə dövləti Azərbaycana
tam dəstəyini göstərdi. Bu qardaşlıq münasibətləri dayanmadan
inkişaf edir, əməkdaşlığımızın yüksək səviyyəsi hərtərəfli
əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir”.

Sədr müavini qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Bir
millət, iki dövlət”, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal
Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim
kədərimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə qardaşlığı
bütün sahələrdə hiss olunduğu kimi, həmkarlar ittifaqları
sistemində də möhkəmlənməkdədir.

C.Alxasov Türkiyə Kamu Çalışanları Sendikaları
Konfederasiyasının yaranmasının 30 illiyi münasibətilə AHİK adından
quruma Azərbaycanın milli xalçasını hədiyyə edib.

Qeyd edək ki, qurultayda Öndər Kahveçi Türkiyə Kamu Çalışanları
Sendikaları Konfederasiyasının yenidən başqanı seçilib.

C.Alxasov Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin həmkarlar
ittifaqı olan “Hak-İş” Konfederasiyasının sədri Mahmut Arslanla
görüşüb. Söhbət zamanı Azərbaycanla Türkiyə arasında mövcud olan
qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı
əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində
görülən işlərdən və perspektivlərdən danışılıb. C.Alxasov AHİK
İcraiyyə Komitəsinin 12 avqust 2021-ci il tarixli qərarı ilə ötən
il qardaş ölkədə baş vermiş yanğın nəticəsində məhv olmuş meşələrin
bərpası üçün ayrılmış 17 100 manat pulu “Hak-İş” Konfederasiyasına
təqdim edib.

Teqlər: