Azərbaycan – Türkiyə əlaqələri bütün sahələrdə böyük inkişaf yolu keçib

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur. Bu illər ərzində iki qardaş ölkə arasında münasibətlər bütün sahələrdə böyük inkişaf yolu keçib, həm siyasi, həm də iqtisadi sahədə böyük nailiyyətlər əldə olunub.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat vurğulayıb ki, iki qardaş ölkə bütün məsələlərdə istər beynəlxalq müstəvidə, istərsə də ikitərəfli formada daim bir-birinin yanında olub.

“Türkiyə ilə Azərbaycan arasında tarixi dostluq, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan əlaqələrin möhkəmləndirilməsi üçün daim çoxşaxəli tədbirlər həyata keçirilir. Bu gün Azərbaycanın dost və qardaş ölkə olan Türkiyə ilə bütün sahələrdə əlaqələri ən yüksək zirvədədir.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edərkən onu ilk tanıyan dövlət Türkiyə oldu. Bu gün iki qardaş ölkə arasındakı münasibətlər möhkəm təməllərə əsaslanır. Hazırda münasibətlərimiz böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir”, – deyə A.Həsənova vurğulayıb.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi iki qardaş ölkə arasında münasibətlərin nə qədər möhkəm təməllər üzərində qurulduğunu bir daha göstərdi.

“Vətən müharibəsi zamanı Türkiyə dövlətinin və onun Prezidentinin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu amil bizim qardaşlığımızın sarsılmazlığını ifadə edir”, – deyə deputat bildirib.

A.Həsənova deyib ki, 44 günlük Vətən müharibəsi və Azərbaycanın tarixi Zəfəri Türkiyə və Azərbaycan arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı.

“İki ölkə arsında imzalanan Şuşa bəyannaməsi qardaş ölkələr arasında yeni dövrün başlanğıcını qoydu. Bu bəyannamə bütün sahələrdə münasibətlərin yeni zirvəyə çıxması üçün geniş imkanlar açır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir çox sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir”, – deyə deputat qeyd edib.

Teqlər: