Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan və Türkiyə Prezidentlərinin son telefon danışığında müzakirə olunan məsələlər və aparılmış geniş fikir mübadiləsi zamanı səslənən fikirlər bir daha onu sübut edir ki, biz həqiqətən bir millət iki dövlətik, bizlərin qardaşlığı əbədidir və Türkiyə-Azərbaycan dostluğu daim var olacaq.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Elşən Musayev deyib.
Deputat bildirib ki, həmin telefon danışığında əsas müzakirə olunan məsələ qardaş ölkədə baş verən yanğınlar zamanı Azərbaycanın göstərdiyi dəstəklə bağlı olub: “Azərbaycan dövləti və onun Prezidenti möhtərəm cənab İlham Əliyev çətin gündə Türkiyəni yalnız qoymadı, qardaş ölkəyə maksimum dəstək verildi, bütün imkan və resurslar kömək üçün səfərbər edildi. Artıq dövlət başçısının tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin xeyli sayda, təxminən 500-dən yuxarı əməkdaşı, yanğınsöndürənlər hadisə yerinə ezam olunub, çoxlu sayda texnika Türkiyəyə göndərilib. Əsl qardaşlıq budur. Əsl müttəfiqlik budur. Əsl dostluq və səmimiyyət budur!
Türkiyə də hər zaman və xüsusən də 44 günlük Vətən Müharibəsi dövründə bizə siyasi – mənəvi dəstək göstərib və bütün dövrlərdə bu dəstək bizim üçün çox önəmli olub. İndi isə biz var gücümüzlə qardaş Türkiyənin yanındayıq. Qəlbimiz, dualarımız onlarladır. Tanrı Türkü qorusun. Tanrı iki qardaş ölkənin ləyaqətli və müzəffər liderlərini qorusun. Çünki Azərbaycan və Türkiyənin inkişaf etməsində, dünyada söz sahibi olmasında onların rolu çox böyükdür”.
Twitter: @ElchinMehdiyev