Xəbər - Humay Ağacanova – Trend:
20-ci əsrin əvvəlində Azərbaycanın müstəqillik mübarizəsində şəhidlərimizin göstərdiyi qəhrəmanlıq Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələri üçün daha sağlam zəmin yaratdı və bu, əsla sarsılmayacaq. Bu sağlam təməllər üzərində yüksələn birlik və qardaşlıq Türkiyənin, Azərbaycanın, Qafqazın və bütün dünyanın rifahına töhfə verəcək. Bunun ən bariz nümunəsi ikinci Qarabağ müharibəsində qazanılan zəfərdir.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında bildirib.
Ş.Malkoç qeyd edib ki, 15 sentyabr anadolu türkləri və azərbaycan türklərinin tarixində çox əlamətdar gündür:
“Bakının işğaldan azad edilməsinin 103-cü ildönümündə başda İslam Qafqaz Ordusunun müzəffər komandanı Nuru Paşa olmaqla bütün qəhrəmanlarımızı və şəhidlərimizi hörmətlə yad edirik. Onların göstərdiyi şücaət və qəhrəmanlığa görə Azərbaycan -Türkiyə qardaşlığı daha da möhkəmləndi.”