Azərbaycan-Türkiyə birgə təlimləri dostluq-qardaşlıq bağlarını gücləndirir – Türkiyəli general

Xəbər - Çingiz Səfərli -Trend:

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin icra etdiyi birgə təlimlər hər iki ordunun hərbçilərini bir-birinə daha da yaxınlaşdırır, dostluq-qardaşlıq bağlarını gücləndirir.

Bunu AzerTimes-a açıqlamasında istefada olan türkiyəli general Yücel Karauz deyib.

Ötən gün Bakıda start götürən “Mustafa Kamal Atatürk-2021” birgə hərbi təliminin fəaliyyət istiqamətlərindən danışan general iki ölkənin bu vaxta qədər keçirdiyi hərbi təlimlərin tarixindən də bəhs edib.

“Bakıda start götürən “Mustafa Kamala Atatürk-2021” birgə hərbi təlimi ilə yanaşı Konyada da “Anadolu Qartalı-2021” təlimi çərçivəsində Hərbi Hava Qüvvələri birgə fəaliyyət icra etməkdədir. Birgə təlimlər 2012-ci ildə iki ölkə arasında imzalanan sazişə əsasən həyata keçirilir. Bundan öncə 2013-cü ildə Bakı və Naxçıvanda, 2014, 2016 və 2018-ci illərdə “Turaz Şahini” adı altında Türkiyədə, 2013, 2015, 2017, 2019 və 2020-ci illərdə “Turaz Qartalı” adı ilə yenidən Azərbaycanda birgə təlimlər həyata keçirilib. Bundan başqa iki ölkənin orduları 1-3 may 2019-cu il tarixlərində Azərbaycanda “Mustafa Kamal Atatürk – 2019″ hərbi təlimini gerçəkləşdirib, sonuncusu isə 1-12 fevral 2020-ci il tarixlərində Qarsda keçirilib. Bu hərbi təlimlər iki ölkənin silahlı qüvvələrinin manqa, taqım səviyyəsindən ordu səviyyəsinə qədər hava, dəniz və quru qüvvələrini əhatə edib. Təlim çərçivəsində həmçinin rabitə vasitələri müəyyənləşdirilir, koordinasiya texnikaları və terminləri öyrənilir, ortaq düşmənə qarşı hazırlanan planlar icra edilir. Bu uğurlu təlimlər hər iki ölkənin silahlı qüvvələrinin gücünə güc qatır. Bunun nəticəsidir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində böyük zəfər qazandı”.

Teqlər: