Azərbaycan TRACECA-nın gələcək inkişaf strategiyası və perspektivlərini alqışlayır

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi TRACECA dəhlizinin gələcək inkişafı üçün təşəbbüslərin həyata keçirilməsində qurumların fəal qarşılıqlı fəaliyyətini alqışlayır.

AzerTimes-ın TRACECA-ya istinadən verdiyi məlumata görə, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş katibi Aset Asavbayev ilə görüşü zamanı deyib.

Tərəflər, 2026-cı ilədək Strategiya və 2018–2021-ci illər üçün Fəaliyyət Planı ilə nəzərdə tutulmuş TRACECA dəhlizinin inkişafına dair prioritet planların icrası çərçivəsində əməkdaşlığın mövcud vəziyyətini, prioritet layihələri və nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini artırmaq üçün əsas təşəbbüslər, nəqliyyat və logistika məsələləri, habelə gələcək inkişaf perspektivləri müzakirə ediblər.

TRACECA-nın Baş katibi Vahid Tranzit İcazəsi (ETP) haqqında Sazişin həyata keçirilməsinə dair mərhələli addımlar, 2030-cu ilədək Konteyner Nəqliyyatının İnkişaf Konsepsiyası, rəqəmsallaşdırma, Aİ ilə əməkdaşlıq və digər məsələlər barədə qısa məlumat verib.

Nazir Nəbiyev öz növbəsində dəhlizin rəqəmsallaşdırılması, multimodal daşımaların inkişafı, konteyner daşımalarının səmərəliliyi, əlavə yük axınlarının cəlb edilməsi, tariflərin unifikasiyası, dəniz nəqliyyatı məsələləri və digər təşəbbüslərdə əməkdaşlığa hazır olduğunu bildirdi.


Müzakirə zamanı dəniz limanlarına gəmilərin daxil olmasına görə tariflər və Xəzər dənizindəki nəqliyyat daşımaları məsələsinə toxunulub.

Gündəlikdəki əsas müzakirə nöqtələrindən biri də beynəlxalq ittifaqlar timsalında dəmir yolu və dəniz idarələri arasında inteqrasiyanın dərinləşdirilməsi idi ki, bu da konteyner daşınması bazarının müasir ehtiyaclarını ödəməklə nəqliyyat prosesini səmərəli idarə etməyə imkan verəcəkdir.

Qeyd edək ki, bu görüşdə TRACECA Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə Milli Katibi Rüfət Bayramov da iştirak edib.

Teqlər: