Azərbaycan “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarında 13-cü qızıl medalını qazanıb.
Trend xəbər verir ki, 400 metr məsafəyə qaçış yarışlarında Lamiyə Vəliyeva bütün rəqiblərini qabaqlamağı bacarıb. Məsafəni 55 saniyəyə qət edən təmsilçimiz, həmçinin Paralimpiya rekordu müəyyənləşdirib.
Digər idmançımız Yuliya Yanovskaya isə yarışı beşinci pillədə tamamlayıb.
Daha əvvəl L.Vəliyeva 100 metr məsafəyə qaçış yarışında gümüş medala sahib olmuşdu.
Azərbaycan komandasının hesabında 18 medal var. Bunlardan 13-ü qızıl, 1-i gümüş və 4-ü isə bürünc medaldır.
Millimizin heyətində paracüdoçular Şəhanə Hacıyeva (48 kiloqram), Sevda Vəliyeva (52 kiloqram), Xanım Hüseynova (63 kiloqram), Vüqar Şirinli (60 kiloqram), Hüseyn Rəhimli (81 kiloqram), Dürsədəf Kərimova (+70 kiloqram) qızıl, Namiq Abaslı (66 kiloqram) və İlham Zəkiyev (+100 kiloqram) bürünc medala sahib olublar.
Yüz metr məsafəyə arxası üstə, sərbəst və batterfly üsulla üzgüçülük yarışlarında Raman Saleh Paralimpiya çempionu adını qazanıb. Digər üzgüçümüz Vəli İsrafilov isə 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında birinci yeri tutub. Nizəatma yarışında dünya rekordu müəyyənləşdirən para-atletimiz Həmid Heydəri qızıl medala sahib olub. Elvin Astanov nüvəitələmə yarışında birinci, Səid Nəcəfzadə isə uzunluğa tullanmada üçüncü yeri tutublar. Para-atlet Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçış yarışını ikinci pillədə başa vurub. Pauerliftinqçi Pərvin Məmmədov (49 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
XVI Yay Paralimpiya Oyunları sentyabrın 5-dək davam edəcək.