Xəbər - Fatimə Zülfüqar – Trend:
Yaxın zamanlarda Azərbaycanın ixrac zənbilində qızıl təkcə xammal şəklində deyil, həm də hazır zərgərlik məmulatı kimi də yer alacaq.
Bunu AzerTimes-a Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.
Onun sözlərinə görə, son dövrlərdə Azərbaycana qızıl idxalı üçün əlverişli şərait yaradılıb: “Ölkədə zərgərlik sənayesinin gücləndirilməsi üzrə qrupun fəaliyyəti nəticəsində təkliflər hazırlanıb və müvafiq strukturlara təqdim edilib. 2021-ci il yanvarın 1-dən Azərbaycana qızıl və gümüşün xammal və zərgərlik məmulatı kimi idxalı aksiz vergisi tətbiq olunmadan və 15 faiz gömrük rüsumu ilə həyata keçirilir. Zərgərlik avadanlıqlarının Azərbaycana idxalı zamanı 18 faiz həcmində ƏDV-dən azad edilməsi nəzərdə tutulur”.
O, həmçinin Zərgərlər Assosiasiyasının yerli bazarın vəziyyətinin yaxşılaşdırılması işində uğurları barədə danışıb: “Bizim sıralarımıza “AzerGold”, “Levata Group”, “Italdizain” kimi yerli bazarın iri iştirakçıları daxil olub. Bundan başqa, “zergerler.az” portalı yaradılıb ki, bunun vasitəsilə Azərbaycanın və dünyanın zərgərlik sektoru barədə son məlumatları əldə etmək olar”.
Assosiasiya rəhbəri koronavirus pandemiyasının qiymətli metallar bazarına təsiri məsələsi barədə də danışıb: “Qızıl bu gün ən stabil invesntisiya alətidir, ona görə də pandemiya onun alışına heç bir təsir göstərməyib. Təəssüf ki, bu gün hazır zərgərlik məmulatları ixrac olunmur, amma biz bazar iştirakçıları ilə daim görüşlər keçiririk, yerli brendlərin yaradılmasını təbliğ edirik”.
(Tərcümə: Orxan Nəbiyev)