Azərbaycan təmsilçiləri növbəti dəfə Londonda Vindzor Kral Atçılıq Şousunda çıxış edəcək

Bu gün Londonda Böyük Britaniyada kral ailəsinin üzvlərinin
şərəfinə ənənəvi olaraq təşkil edilən Vindzor Kral Atçılıq Şousu
başlayır Böyük Britaniyanın Vindzor qəsrində Birləşmiş Krallığın
Kraliçası İİ Yelizavetanın şəxsən iştirakı ilə keçirilən bu şouya
2012-ci ildən etibarən Azərbaycan təmsilçiləri də qatılır.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından AzerTimes-a verilən
məlumata görə, bu il Kraliça II Yelizavetanın taxta çıxmasının
70-ci ildönümünə həsr olunan “Royal Windsor Horse Show” tədbirdə
təmsilçilərimiz tərəfindən “Odlar Yurdu” adlı xüsusi proqram təqdim
olunacaq.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Respublikası Atçılıq
Federasiyasının təşkilatçılığı ilə ərsəyə gələn, 70 nəfərlik
heyətin cəlb olunduğu, Azərbaycanın əməkdar artisti Nicat Kazımovun
quruluş verdiyi proqramda Dövlət Sərhəd Xidmətinin 15 süvarisi
tərəfindən Qarabağ atları üzərində möhtəşəm igidlik hərəkətləri
nümayiş etdiriləcək, Azərbaycan Respublikasının əməkdar artisti,
xoreoqraf Fərid İbrahimovun rəhbərliyi ilə “Sərhədçi” ansamblı
tərəfindən milli musiqimizin sədaları altında möhtəşəm rəqs
kompozisiyası sərgilənəcək.

12-15 may tarixlərində təşkil olunacaq şouda Azərbaycan
nümayəndələrinin ümumilikdə 4 çıxışı nəzərdə tutulub.

Tədbirin bədii hissəsində Azərbaycanla yanaşı Oman, Bəhreyn,
İsveçrə, Fransa, Norveç və Hindistan kimi dövlətlərin
nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Ənənəvi olaraq böyük tamaşaçı marağına səbəb olan Kral Atçılıq
tədbirləri Britaniyanın və aparıcı dünya dövlətlərinin TV və
mediaları tərəfindən geniş işıqlandırılacaq.

Teqlər: