Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, həm də bölgəni erməni faşizmindən xilas etdi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Ermənistanın ötən dövrdə həyata keçirdiyi siyasət, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlaması, xalqımıza qarşı törətdiyi soyqırımı aktları, əsir və girovlarla qeyri-insani davranışını təsdiqləyən yüzlərlə fakt erməni faşizminin təzahürləridir. Bu mənada Azərbaycan Vətən Müharibəsində əldə etdiyi qələbə həm də erməni faşizminə ciddi sarsıdıcı zərbə oldu.

Bunu AzerTimes-a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

O vurğulayıb ki, Ermənistanın qonşu ölkələrə qarşı ərazi iddiaları, beynəlxalq müstəvidə həyata keçirdiyi aqressiv siyasət uzun illər ərzində ölkə əhalisinin şüuruna yeridilimiş zərərli ideologiyanın məhsuludur. Məhz bunun nəticəsidir ki, Ermənistanın demək olar ki, heç bir qonşu ölkə ilə normal, etibarlı, dayanıqlı qarşılıqlı münasibətləri mövcud deyil.

Millət vəkili hesab edir ki, “Böyük Ermənistan”, “miatsum” kimi faşizm elementləri ilə zəngin ideyalara istinad edən siyasət nəticə etibarilə Ermənistan dövlətini məhvə doğru sürükləyən proseslərin start nöqtəsi kimi qəbul olunmalıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə, regionda əməkdaşlıq, sülh və əmin-amanlığa imkan yaradan yeni pəncərə açdı: “Təəssüf hissi ilə bildirməliyik ki, Ermənistanda tarixin acı dərslərindən nəticə çıxarmayan, bu gün ölkənin düşdüyü vəziyyətin real tarixi, siyasi səbəblərini düzgün qiymətləndirməyi bacarmayan, yaxud bunu istəməyən qüvvələr hələ də mövcuddur. Lakin 2020-ci ilin sonunda baş verənlər bir daha sübut etdi ki, bu cür zərərli fantastik arzularla yaşamaq erməni xalqına heç bir fayda gətirməyəcək”.

Ramin Məmmədov Azərbaycan Ordusunun tarixi qələbəsinin erməni faşizminə ağır zərbə vurduğunu qeyd edib: “Cənab Prezident də bunu xüsusi olaraq vurğuladı ki, Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, həm də bölgəni erməni faşizmindən xilas etdi. Ümid edək ki, bu zərbə həm də Ermənistandakı bir çox qüvvələri zərərli xəyallardan ayıldacaq. Çünki, yaranmış indiki situasiya erməni xalqına tarixi şəraiti düzgün analiz etmək, qiymətləndirmək, öz gələcəyini daha doğru istiqamətdə müəyyənləşdirmək üçün fürsət yaradır. Əgər Ermənistan dövləti bu fürsəti düzgün qiymətləndirə bilməsə, heç şübhəsiz ki, gələcəkdə daha böyük problemlər yaşaya bilər”.

Teqlər: