Azərbaycan tək deyil, yanında Türkiyə var

Azərbaycan tək deyil, yanında Türkiyə var

Əslində 10 noyabr üçtərəfli bəyanatının 4-cü maddəsinə əsasən Ermənistan ordusunun qalıqları oranı rus sülhməramlıların yerləşməsinə paralel şəkildə tərk etməli idi, ancaq bu olmadı. Ermənistan davamlı şəkildə yeni istehsal olunmuş minaları Qarabağa göndərib və onlar Azərbayan ərazisinə basdırılıb. Mina partlayışları nəticəsində onlarla mülki vətəndaş, hərbçi həyatını itirib. Terrorun davam etməsi isə Azərbaycanın antiterror tədbirlərinin doğru və yerində addım olduğunu göstərir. Həm beynəlxalq hüquq, həm də Konstitusiya bu haqqı Azərbaycana verir.

Bu sözləri AzerTimes-a Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri haqqında danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.

Professor Azərbaycanın təzyiqlərə boyun əyməyəcəyini, Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb:

“Dövlət öz suveren ərazisində hansısa terror qruplarının davamlı mövcudluğuna, təhlükə mənbəyi kimi qalmasına imkan verə bilməz. Həm Avropa ölkələri, həm də ABŞ yalnız öz ölkələrində deyil, dünyanın müxtəlif yerlərində terrorizmlə mübarizə apardığını qeyd edir, vurğulayır. Fransadan və digər bir sıra ölkələrdən Azərbaycanın öz ərazisində keçirdiyini lokal antiterror tədbirlərinə gələn etirazlar isə beynəlxalq hüquqa ziddir, heç bir əsası yoxdur. Keçirilən əməliyyatlarda beynəlxalq humanitar hüququn bütün şərtləri yerinə yetirilir, mülki əhaliyə toxunulmur, onlar əvvəlcədən xəbərdar edilir, bütün ehtiyacları qarşılanır, onlar üçün humanitar dəhliz açılır. Aparılan əməliyyat zərgər dəqiqliyi ilə həyata keçirilir, heç bir mülki erməninin həyatına təhlükə yoxdur, görülən tədbirlərlə bağlı rus sülhməramlılar, eyni zamanda Ağdamdakı Monitorinq Mərkəzi məlumatlandırılır. Azərbaycana öz kirli siyasi məqsədləri üçün qara yaxanlar öncə gedib Suriyada, İraqda və dünyanın bir çox yerində keçirdikləri antiterror əməliyyatlarının nəticələrinə baxsınlar, daş üstündə daş qalmayıb. Cənab Rəcəb Tayyib Ərdoğan da BMT Baş Assambleyasında çıxışı zamanı bütün dünyaya Türkiyənin Azərbaycanı dəstəklədiyini, Ermənistanın dərhal Zəngəzur dəhlizinin açılması və digər məsələlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli olduğunu bəyan etdi. Eyni zamanda Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı da çıxışı zamanı Qarabağın qədim türk yurdu və Azərbaycan torpağı olduğunu, ölkəmizin haqlı mübarizəsini dəstəklədiklərini vurğuladı. AB-nin, xüsusilə Fransanın Türkiyə və Azərbaycana qarşı fəaliyyətinə heç nə ilə bəraət qazandırmaq olmaz. Bunun adı öz siyasi mənfəəti üçün beynəlxalq hüququ tapdalamaqdır. Dünən Kiprdə etdiklərini bu gün Qarabağda təkrarlamaq istəyirlər. Amma heç nəyə nail ola bilməyəcəklər. Kirli planlar quranlar və nəyəsə ümid edənlər gözlərini açıb kiminlə qarşı-qarşıya olduqlarına diqqətlə baxmalıdırlar. Türkiyə birmənalı şəkildə, sonadək Azərbaycanın yanındadır. Geriyə yol yoxdur, bu iş bitəcək və bayrağımız mütləq Xankəndidə dalğalanacaq”.

Teqlər: