Azərbaycan təhsilinin “9 illik” problemi

Bölgələrdə, xüsusən ucqarlarda 9 illik məktəblərin olması ciddi
problemlərə yol açır. Belə ki, bu məktəblərdə 9-cu sinifi bitirən
şagirdlərin əksəriyyəti bir çox səbəbdən 10 və 11-ci siniflər üzrə
təhsil ala bilmir. 9 illik məktəblərin əksəriyyətinin ucqar
kəndlərdə olmasını nəzərə alsaq, vəziyyət kifayət qədər aydın olar.
Öz kəndinin 9 illik məktəbini bitirən şagird, növbəti ildən qonşu
kənddə təhsilini davam etdirmək məcburiyyətində qalır. Bir çox
hallarda da bu istək, elə istək olaraq da qalır. Nəqliyyat, yol və
digər çətinliklər səbəbindən şagirdlər hər gün qonşu kəndə və ya
rayon mərkəzinə gedib, təhsillərini tamamlamağı bacarmırlar.

Trend-in sorğusuna cavab olaraq Təhsil
Nazirliyindən bildirilib ki, hazırda Bakıda 7, regionlarda isə 767
ümumi orta məktəb (9 illik) fəaliyyət göstərir.

Qeyd edilib ki, qanunvericiliklə ümumi təhsilin üç səviyyəsi
təsbit olunmuşdur – ibtidai, ümumi orta və tam orta təhsil. Eləcə
də 9 illik təhsil icbari xarakter daşıyır. Tam orta təhsil icbari
deyil və şagirdlər öz seçimlərinə əsasən, tam orta təhsil
səviyyəsinə keçmədən, 9 illik təhsil səviyyəsini bitirib, bundan
sonra peşə təhsili və digər müəssisələrdə öz təhsillərini davam
etdirə bilirlər.

“Ümumiyyətlə, məktəblər yerləşdikləri ərazinin şagird kontingentinə
əsasən təşkil olunur. Konkret ərazidə tam orta təhsil səviyyəsində
təhsilalanların olmaması, yaxud onların sayının azlığı və yaxında
yerləşən digər yaşayış məntəqəsində 11 illik məktəbin mövcud olduğu
vəziyyətlərdə, qeyd olunan ərazidə fəaliyyət göstərən məktəbdə
təhsilin yalnız 9 illik, yəni ümumi orta səviyyəsi təşkil olunur.
Yaxud həmin səbəblərdən hətta ibtidai təhsil müəssisəsi də təşkil
oluna bilir. İllər keçdikcə həmin təhsilalanların kontingentinin
artımı, yaxud digər hallarda kontingetin azalması nəticəsində 9
illik məktəbin 11 illik məktəbə, yaxud əksinə dəyişdirilməsi baş
verir, yəni məktəblərin tipi dəyişir.

Məktəblərin təşkilində həmçinin onların maddi-texniki təminatı,
binası və s., ən önəmlisi də kadr bazası mühüm rol oynayır. Hətta
məktəbin texniki təminatı-binası imkan verdiyi halda belə, əgər
kadr çatışmazlığı varsa, həmin halda tam orta təhsil müəssisəsinin
təşkili mümkün olmur. Məlum məsələdir ki, təhsilalanların sayı az
olan ərazilərdə əhali sayı da məhdud olur və bu da məktəbin müəllim
kollektivinin yığılmasına birbaşa təsir edir. Bu zaman da yaxında
yerləşən digər yaşayış məntəqəsində məktəb mövcud olduğu halda,
sözü gedən ərazidə yalnız ibtidai, yaxud da 9 illik məktəb təşkil
olunur”, – deyə bildirilib.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhsil
eksperti Kamran Əsədov isə qeyd edib ki, kəndlərdə
mövcud olan ibtidai, ümumi 9 illik məktəbləri bitirənlər bundan
sonra digər kəndlərdə məktəblərə gedirlər.

“Biz qəbul və buraxılış imtahanlarının nəticələrini təhlil
edəndə bu amilin keyfiyyətə bilavasitə təsir göstərdiyini görürük.
Belə ki, şagirdlərin digər məktəblərə gedişində davamiyyət problemi
olur. Çünki digər kəndlərdə məktəblər uzaq məsafədə yerləşir və qış
aylarında avtobus və digər nəqliyyat olmadığı üşün əlçatanlılığa
təsir edir.

Ona görə də hər bir məktəbdə şagird sayından asılı olmayaraq tam
orta məktəblər təşkil edilməlidir. Bu həm təhsilin keyfiyyətinə,
həm də əlçatanlılığına müsbət təsir göstərər”, – deyə o əlavə
edib.

Teqlər: