Xəbər verdiyimiz kimi, ötən gün xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasına səfəri çərçivəsində israilli həmkarı Eli Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı “Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı” imzalanıb.
Bu proqramla bağlı AzerTimes-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib ki, Finlandiya, Sinqapur kimi inkişaf etmiş, qabaqcıl təhsil modelləri sırasında İsrail modelinin də öz yeri var:
“Hazırda ölkəmizdəki bir neçə özəl liseydə və dövlət məktəblərində İsrail təhsil modelindən istifadə olunur. Bu modelin əsasında şagirdlərin ümumi bilik və bacarıqları, təfəkkürü müvafiq istiqamətlər üzrə artıq kiçik yaşdan etibarən formalaşdırılır. Öyrəşdiyimiz ənənəvi təhsil modelindən fərqli olaraq, burada şagirdlərə müəyyən fənn və istiqamət üzrə sərbəstlik verilir”.
Ekspert qeyd edib ki, İsraillə bu istiqamətdə əməkdaşlıq gələcəkdə Azərbaycanda təhsilin inkişafına töhfələr verəcək:
“Hazırda müvafiq olaraq istər təcrübə proqramlarında, istərsə də Azərbaycanın bəzi universitetlərində İsrail üzrə regionşünaslıq tədris olunur”.
Ekspert vurğulayıb ki, İsraildə çalışan alimlər, həkimlər və təhsil alan tələbələrimizin də təcrübəsi ölkəmizdə tətbiq oluna bilər:
“Azərbaycan və İsrail Hökuməti arasında 2023-2026-cı illər üçün Təhsil sahəsində əməkdaşlıq proqramı çərçivəsində həmçinin, tələbə mübadiləsi həyata keçirilə bilər. Əvvəl bir neçə tələbə göndərilirdisə, artıq bu say artırıla bilər. Eyni zamanda, İsrail modelli məktəbin tikintisi zərurəti də yarana bilər”.