Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü ilə bağlı tədbirlər keçirilib (FOTO)

28 Mart Azərbaycan təhlükəsizlik orqanlarının əməkdaşlarının
peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri və rəhbər
heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını
ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad
edərək məzarı önünə əklil qoyublar. Ulu Öndərin ömür-gün yoldaşı,
görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da
xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülüb.

AzerTimes-ın Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadən məlumatına görə,
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının
və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik
orqanları əməkdaşlarının məzarları da ziyarət edilərək üzərlərinə
gül dəstələri düzüluüb, Xidmətin adından “Əbədi məşəl” abidəsinin
önünə əklil qoyulub.

Tədbir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında rəsmi
hissə ilə davam etmişdir. DTX-nin rəisi general-polkovnik Əli
Nağıyev tədbirdə çıxış edərək şəxsi heyəti və veteranları peşə
bayramı münasibətilə təbrik edib. Mənalı ömrünün 25 ilini
təhlükəsizlik orqanlarına həsr edərək şərəfli xidmət yolu keçən Ulu
Öndər Heydər Əliyevin bu orqanların fəaliyyətinə verdiyi
əvəzolunmaz töhfələrdən danışan Xidmət rəisi qeyd edib ki,
Ümummilli Lider Azərbaycan xüsusi xidmət orqanlarının tarixində
peşəkarlıq məktəbi yaratmış, sovet dövründə və müstəqillik
illərində ölkəyə rəhbərliyi dövründə heç zaman bu orqanlardan
diqqət və qayğısını əsirgəməmişdir.

General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə yürüdülən
uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızda
təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu, müəyyən xarici
dairələr və düşmən qüvvələr tərəfindən ölkəmizə yönələn
terror-təxribat və kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının
vaxtında və çevik alınması üçün müvafiq tədbirlərin davam
etdirildiyini bildirmiş və müasir dövrdə DTX-nin qarşısında duran
əsas vəzifələr barədə məlumat verib.

Çıxışının sonunda general-polkovnik Əli Nağıyev əminliyini ifadə
edərək deyib ki, heç bir qüvvə Azərbaycanı öz seçdiyi yolundan
döndərə bilməz, ölkənin milli maraqlarına yönələn bütün təhdid və
hər cür cəhdlərin qarşısı Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi
heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə
davamlı sabitlik və əmin-amanlıq təmin ediləcəkdir. Xidmət rəisi
tərəfindən DTX-nin əməkdaşlarının sosial müdafiəsinin
gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına
göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq
ifadə edilmişdir.

Sonra təhlükəsizlik orqanlarının veteranı, Milli Məclisin
deputatı Arzu Nağıyev söz alaraq təhlükəsizlik orqanları
əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib, çətin və
şərəfli xidmətlərində onlara uğurlar arzulayıb. Natiq ötən əsrə
ekskursiya edərək xüsusi xidmət orqanlarının təşəkkülündən danışıb,
bu orqanların Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolunu
xüsusi qeyd edib.

Tədbirdə DTX-nin əməkdaşlarının dövlət təltifləri ilə
mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı elan olunub, əməkdaşlara mükafatlar təqdim edilib.

Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İctimai
Televiziya və “Azərbaycanfilm” kinostudiyasının birgə hazırladığı
DTX-nin əməkdaşlarının 44 günlük Vətən müharibəsində tarixi
Qələbənin qazanılmasına verdikləri töhfələrə həsr edilmiş
“Görünməyən qəhrəmanlar” adlı sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış
mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə
davam etdirilib.

Teqlər: