Azərbaycan siyasi cəbhədə təcavüzü həyata keçirən və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkib.
Trend-in məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.
Nazir müavini bildirib ki, hər bir məhkəmə konkret bir konvensiya çərçivəsində şikayətlərə dair qərar vermə səlahiyyətinə malikdir.
“Buna görə də Azərbaycan bir neçə beynəlxalq məhkəmədə Ermənistana qarşı müxtəlif beynəlxalq konvensiyalardan irəli gələn şikayətlər qaldırıb”, – deyə o bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycanın ilk müraciət etdiyi məhkəmə Avropa İnsan Haqları Məhkəməsi olub. Şikayət həm Azərbaycan, həm də Ermənistanın tərəf olduğu 1950-ci il Avropa konvensiyası əsasında irəli sürülüb.
“Şikayətdə Birinci Qarabağ müharibəsi, işğal dövrü, Vətən müharibəsində Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti əksini tapıb. Biz siyasi cəbhədə təcavüzü həyata keçirən və təcavüzə məruz qalana eyni münasibətin göstərilməsindən əziyyət çəkmişik. Bununla bağlı bu ilin fevral ayında şikayət etmişik. Bu şikayətimizə Avropa məhkəməsində qarşıdakı illərdə baxılacaq,” – deyə nazir müavini əlavə edib.