Macarıstanın Budapeşt şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) nəqliyyat nazirlərinin 5-ci iclası keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AzerTimes-a bildirilib ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan Respublikası, Macarıstan, Türkiyə və Özbəkistan nümayəndə heyətləri iştirak edib.
İclasda post-pandemiya dövründə Trans-Xəzər Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə görüləcək işlər, eləcə də “TDƏŞ üzv dövlətləri arasında beynəlxalq kombinə edilmiş yükdaşımaları haqqında Saziş” layihəsi müzakirə olunub.
Eyni zamanda Trans-Xəzər Nəqliyyat Dəhlizi boyunca “Yol Nümayiş Turu”nun təşkili, üzv dövlətlər arasında e-icazələrin və e-CMR (beynəlxalq nümunəli əmtəə–nəqliyyat qaiməsi) tətbiqi, TDƏŞ çərçivəsində “qardaş limanlar” prosesi və digər məsələlərin müzakirəsi aparılıb.
İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxış edib.
Nazir müavini çıxışında işğalda olan torpaqlarımızın azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar və imkanlar şəraitində nəqliyyat əlaqələrinin inkişafı, o cümlədən ölkəmizin tranzit potensialının genişlənməsi istiqamətində Zəngəzur dəhlizinin rolu, eləcə də 30 illik işğal nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması və tikintisi haqqında məlumat verib.
Rəhman Hümmətov bildirib ki, “Zəngəzur dəhlizi” Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qalan hissəsi ilə birləşdirməklə yanaşı, Cənubi Qafqazda nəqliyyat inteqrasiyasını genişləndirəcək, həmçinin Asiyadan Avropaya ən qısa quru yolunu təmin edəcək.
Nazir müavini Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca nəqliyyat və tranzit əməliyyatlarının asanlaşdırılması üzrə ölkəmiz tərəfindən görülmüş tədbirləri iclas iştirakçılarının diqqətinə çatdırıb.
Nəqliyyat və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması məsələlərinə toxunan Rəhman Hümmətov ölkələrimizdən keçən dəhlizlərin tam rəqəmsallaşmasına nail olmaq üçün fərqli ölkələrdə inkişaf etdirilən rəqəmsal platformaların inteqrasiyasının vacib olduğunu söyləyib.
Məlumat üçün bildirək ki, 13 oktyabr tarixində TDƏŞ-in Nəqliyyatın İnkişafı üzrə İşçi Qrupunun 10-cu iclası keçirilib.