Azərbaycan tarixinin ikinci böyük diplomat xanımı

Azərbaycan tarixinin ikinci böyük diplomat xanımı

Azərbaycan tarixində ilk diplomat qadın kimi hər zaman Dövləti Bayanduriyyənin başçılarından biri olan Həsən Padşahın anası Sara Xatun yada düşür. Lakin o dövrdə Sara Xatun kimi diplomatiya sahəsində uğurlar qazanan Baharlı Dövlətinin (Qaraqoyunlu) başçılarından biri olan Cahanşahın həyat yoldaşı Canbəyim Xatun barəsində yazmağı unudurlar. Canbəyim Xatun dövrün diplomatı, dövlət işlərində nüfuzu olan bir xanım olmaqla yanaşı baharlı elinin Anası kimi status daşıyırdı.

Qeyd edim ki, Baharlı dövlətinin başçısı olan Cahanşahın üç xanımı olub. Biri Canbəyim Xatun, ikincisi isə Həsən Əlinin anası idi. Onun adı mənbələrdə qeyd edilmir. Bəzi mənbələr Cahanşahın bunlardan başqa daha bir arvadının olduğunu və həmin qadının Şah Əli Bəy Bayraminin qızı olduğunu yazırlar. Çox heyf ki, axtardığımız qaynaq və mənbələrdə ancaq Canbəyimin adı çəkilir, digərlərinin adı yoxdur.

Müzəffərəddin Cahan ibn Yusif və ya Cahanşah Qara Yusifin üçüncü oğlu idi.

Canbəyim xatun Tağəddin Rəcəb ibn Əfridunun qızı idi. Hüseyn Katib “Tarixi-i Cədid-i Yezd” adlı kitabında Canbəyim Xatundan bəhs edərək “İki dünyanın qulu, şərafətli Canbəyim Xatun” ifadələrinə yer vermişdir.

İlk diplomatik addımı Ayn əl-Arusdakı düşərgədə Osmanlı səfirini qəbul etməsi olub, ikinci isə Diyarbəkir səfəri ilə qaynaqlarda qeyd edilib.

Diplomatiya tarixində yeganə və yalnız iki qadın arasında imzalanmış ilk və tək müqavilə Sara Xatun və Cahanbəyim arasında Dövləti Bayanduriyyə ilə Baharlı dövləti arasında olan müqavilədir.

Canbəyim Xatunun özünəməxsus möhürü var idi. Möhürün üzərində yazırdı: “Uca Allah ki, dünyanıza halını verəndə fələyin qarşısında əyilməsinə məğrur olma, Xatun Can”.

Canbəyim Xatunun insanların hüquqlarını qoruyan və onlara heç bir çətinlik vermək istəməyən ədalətli bir insan olduğu mənbələrdə xüsusilə qeyd edilir. O, eyni zamanda dövlətin daxilində memarlıq binalarının tikilməsinə mühüm önəm verib. Cahanşah dövrünə aid Göy məscidin üzərindəki kitabədə onun Canbəyim Xatun və qızı tərəfindən tikildiyi barədə məlumat yazılıb. Mənbələrdə də Canbəyim Xatun Göy məscid və Müzəffəriyə adı ilə tanınan kompleksi tikən və qoruyan şəxs kimi görünür. Hər nə qədər bu tikintilərinin sifarişi Cahanşah tərəfindən verilsə də, vəqflərdə və “Sarıh əl-Süd”də yazılana görə, kompleksin arxasında duran ideya və onun tamamlanmasında sona qədər dəstək olan şəxs Canbəyim Xatun idi. Ərdəbildəki Şeyx Sufi sarayı Cahanşah və həyat yoldaşı Canbəyim Xatunun əmri ilə inşa edilib.

Lakin onun bir düşməni var idi, Cahanşahın digər xatundan olan oğlu Həsən Əli xan. Məhz bu düşmənçilik Canbəyim Xatunun ölümünə səbəb oldu. 1468-ci ildə Cuşin qalasında ögey oğlu Həsən Əli tərəfindən qətl edilib. Qəbri Təbrizdəki Müzəffəriyyə mədrəsəsindədir.

Teqlər: