Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mayın 12-13-də “Xarıbülbül” musiqi festivalı keçirildi.
Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə baş tutmuşdu. 32 ildən sonra Cıdır düzündə keçirilən budəfəki “Xarıbülbül” musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olundu.
Qeyd edək ki, festival Şuşanın Ermənistanın işğalından azad olunmasından sonra ilk dəfədir ki, keçirilir. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, xalq və klassik musiqidən ibarət proqram təqdim edilib.
Uzun müddətdən sonra Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsi həm də Azərbyacan mədəniyyətinin işğaldan azad olunmasının bir nümunəsidir.
Festivalın siyasi və mədəni əhəmiyyyəti barədə bir sıra siyasi və mədəniyyət xadimləri fikirlərini AzerTimes-lə bölüşüblər.
“Xarıbülbül” festivalı bir neçə mühüm mesaj verdi
Milli Məclisin Şuşadan olan deputatı Ramin Məmmədov deyib ki, Şuşada keçirilən “Xarıbülbül” festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biridir. Bu, uzunmüddətli siyasi-ideoloji mübarizənin məntiqi yekunu olan böyük tarixi qələbənin təntənəsidir.
Festivalın bir neçə mühüm mesaj verdiyini qeyd edən deputat hesab edir ki, festival Azərbaycan xalqının milli birlik və həmrəyliyini nümayiş etdirir: “Eyni zamanda, festival dünya ictimaiyyətinə bu torpaqların əsl sahibinin kim olduğunu göstərir. Festivalın proqramı və formatı ideoloji məzmununun milli birlik, həmrəylik, əzmkarlıq, tarixi və milli ənənələrə sədaqət kimi dəyərlər üzərində qurulub.
Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətini, musiqi və rəqs ənənələrini nümayiş etdirən çıxışlar Azərbaycanda dini və etnik tolerantlığın yüksək səviyyədə qorunmasına dair çox vacib bir mesaj verir. Çünki tolerantlıq bizim xalqımızın mühüm dəyərlərindən biridir”.
Millət vəkili 13 yaşında Şuşanı məcburi köçkün kimi tərk etdiyini diqqətə çatdıraraq bildirib ki, Şuşa yalnız bu qədim şəhərin sakinləri üçün deyil, bütün dünya azərbaycanlılarının yaddaşında xüsusi yeri olan bir şəhərdir: “Şuşadan Bakıya məcburi köçkün kimi gələndən etibarən hər gün bu dağlarda, Cıdır düzündə, doğma şəhərdə Bayatı-Şirazın sədalarını eşitmək arzusu ilə yaşamışam. Milyonlarla soydaşımız kimi, sevincimin və xoşbəxtliyimin həddi-hüdudu yoxdur. Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında torpaqlarımızı əsl sahiblərinə – azərbaycanlılara qovuşduran möhtəşəm Azərbaycan ordusunun hər bir zabit və əsgərinin əməyi qarşısında baş əyirəm!”.
R.Məmmədov Xarıbülbül festivalının açılışında Prezident İlham Əliyevin çıxışında əksini tapmış fikirlərin böyük siyasi-ideoloji məzmuna malik olduğunu, Azərbaycan xalqının tarixi yaddaşına, gələcək haqqında düşüncələrinə, təsəvvürlərinə əsaslanan mühüm mesajlar ehtiva etdiyini vurğulayıb: “Cənab Prezident tarixdən də danışdı, dünyadakı proseslərə də toxundu, Azərbaycanın gələcəyə necə hazırlaşdığını, beynəlxalq münasibətləri, dövlətlər, xalqlar arasında əlaqələri necə gördüyünü də açıqladı. Qeyd etdi ki, biz bütün dünyaya buradan – Şuşadan, qədim torpağımızdan mesaj veririk ki, ancaq çoxkonfessiyalı, çoxmillətli ölkələrdə, cəmiyyətlərdə inkişaf olur, birlik olur, milli həmrəylik olur, sülh olur. Hesab edirəm ki, cənab Prezidentin bu fikirləri festivalın əsas hədəfini kifayət qədər dəqiq ifadə edir”.
Festivallar böyük bir mədəni hadisədir
Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Azərbaycan müzəffər Ali Baş Komandanın rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində öz gücünə ərazilərini işğaldan azad etdi və ərazi bütövlüyünü bərpa etdi: “Təəsüflər olsun ki, işğaldan azad olunmuş ərazilərimizdə olan minlərlə tarixi abidəmiz ermənilər tərəfidən ya dağıdılmış, ya da onların gerçək tarixi saxtalaşdırılmağa çalışılmışdır. Prezident İlham Əliyevin bu ərazilərə səfərləri zamanı Ali Baş Komandan da bu məsələlərə diqqətdə saxlayır və erməni şovinistlərinin törətdiyi vəhşilikləri əyani şəkildə göstərir. Prezident həmçinin qeyd edir ki, bu ərzilərimizin yenidən bərpası ilə yanaşı, maddi-mədəni tariximizin bərpası istiqamətində də işlər ən yüksək səviyyədə icra olunacaqdır. Artıq biz bu sahədə görülən işlərin şahidiyik”.
Deputat qeyd edib ki, bu torpaqlar əzəli-əbədi Azərbaycan torpaqlarıdır: “Buralarda olan tarixi-mədəni abidələrimiz də bunun əyani sübutlarıdır. İşğaldan azad olunmuş ərazilərdə olan bir çox tarixi-mədəni nümunələr dünya mədəni irsinin də zərif nümunələrindəndir. Əfsuslar olsun ki, erməni vandalları bu abidələrin bir çoxuna ciddi ziyan vurmuşdur. Amma biz əminik ki, güclü Azərbaycan dövləti bu sahədə də işləri ən yüksək səviyyədə təşkil edəcək. Artıq məlum olduğu kimi Şuşa Azərbaycanının mədəniyyət paytaxtı elan olundu. Öz coğrafi quruluşuna, tarixinə, mədəni abidələrinə və bir çox parametrlərinə görə unikallığı ilə fərqlənən bu qədim Azərbaycan şəhəri yaxın gələcəkdə dünya miqyasında da tanınan yerlərdən biri olacaq. Festivallar böyük bir mədəni hadisədir. Dünyada bir çox şəhərlərin adı məhz orada keçirilən festiavalların adları ilə bağlıdır. “Xarıbülbül” musiqi festivalı da öz tarixi və rəngarəngliyi olan, keçirildiyi dövrdə bir çox mədəniyyət insanlarının diqqətini cəlb edən bir mədəniyyət hadisəsi idi”.
“Şuşada, Cıdır düzündə Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Xarıbülbül” festivalını Moskvadan izləmək böyük xoşbəxtlikdir, çox gözəl əhval-ruhiyyə yaradır”
Bunu isə AzerTimes-a Moskvadan telefonla azərbaycanlı teatr rejissoru, Əməkdar incəsənət xadimi, professor Əli Usubov deyib. O, 1990-cı “Xarıbülbül” festivalının bədii rəhbəri olub. Hazırda o, Moskva klinikalarının birində müalicə olunur.
Ə.Usubov deyib ki, “Xarıbülbül” festivalının keçirilməsi böyük hadisədir: “Artıq 30 il keçib və mən o günləri yenidən xatırlayıram. İnternetdə artistlərin, folklor kollektvlərinin, Azərbycanın Rusiyadakı səfiri, müğənni və bəstəkar Polad Bülbüloğlunun çıxışlarına baxdım. O zaman festival onun təşəbbüsü ilə təşkil olunmuşdu. O, həmin dövrdə Azərbaycanın mədəniyyət naziri idi. Birinci festival 1989-cu ildə keçirilmişdi və muğam ifaçısı Seyid Şuşinskinin 100 illiyinə həsr olunmuşdu. Qonaqlar arasında SSRİ respublikalarından qonaqlar da var idi. 1990-cı ildə ikinci festivalda isə mən bədii rəhbər idim, proqramı tərtib edirdim və qonaqları dəvət edirdim. O zaman mən Bakıda Dövlət Opera və Balet Teatrının baş rejissoru idim. 1990-cı ildə festival beynəlxalq status aldı və burada Avropa və Asiyadan ifaçılar və folklor kollektivləri iştirak etdi. Bu, öz növbəsində böyük marağa səbəb oldu. Amma Dağlıq Qarabağ münaqişəsinin başlaması ilə əlaqədar Şuşada mürəkkəb vəziyyət yaranmışdı.Əsas konsert Ağdamda, “İmarət” stadionunda keçirildi. “Sona bülbüllər” kompozisiyanı ifa etmiş Qədir Rüstəmovun çıxışı xüsusilə əks-səda doğurdu. Konsertlər respublikanın digər şəhərlərində keçirildi, yekun çıxış isə Bakıda baş tutdu”.
Azərbaycan xalqı bu günü uzun illər idi gözləyirdi
Xalq artisti, tarzən Ramiz Quliyev də qeyd edib ki, bu gün Şuşada “Xarıbülbül” festivalında iştirak etdiyinə görə çox xoşbəxtdir və bunu heç zaman unutmayacaq.
R.Quliyev bildirib ki, Azərbaycan xalqı bu günü uzun illər idi gözləyirdi: “Gözəl Şuşamız uzun illər idi ki, düşmən tapdağı altında idi, uzun illər idi ki, xarıbülbülün səsi gəlmirdi, qəlbimizdə bir nisgil var idi, daim həsrət içində idik, hər an Şuşaya qayıtmaq, yenidən o festivalı canlandırmaq arzusunda idik. Şükür Allaha ki, bu arzumuz gerçək oldu və biz indi yenidən Şuşada “Xarıbülbül” festivalındayıq. Dünyanın heç bir yerində xarıbülbül kimi gözəl gül yoxdur. Hislərimi sözlərlə ifadə etməyə çətinlik çəkirəm. Şükür Tanrıya ki, biz bu günü də gördük. Dünyada Şuşa kimi gözəlliyi olan şəhər görməmişəm. Bu günləri bizə bəxş edən əsgərlərimizin canı sağ olsun, şəhidlərimizin ruhu şad olsun. Ən böyük minnətdarlıq isə bizim cənab Prezidentimizə düşür”.