Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqrımından 30 il ötür

26 fevral 2022-ci il, Ermənistanın Azərbaycana qarşı təcavüzü
zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş
soyqırımın 30-cu ildönümü tamam olur. Xocalı soyqırımı Azərbaycan
tarixinə ən dəhşətli və faciəli səhifələrindən biri kimi daxil
olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı
soyqırımı barəsində qeyd etmişdir “Bütövlükdə Azərbaycan xalqına
qarşı yönədilmiş Xocalı soyqırımı öz ağlagəlməz qəddarlığı və
qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik
aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi
bir cinayətdir”. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 28 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası tərəfindən “Xocalı
soyqırımının otuzuncu ildönümü ilə əlaqədar tədbirlər planı”
hazırlanıb və bu tədbirlər planına uyğun mühüm tədbirlər həyata
keçirilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni
millətçi-şovnistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı
siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından
qovulmuş, qaçqına, məcburu köçkünə çevrilmiş və bütün bunlar
ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur.
Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet
dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandandan
150 min azərbaycanlı deportasiya olunmuş, 1988-ci ildə isə öz
tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı öz ata-baba
yurdlarında qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə
çevrilmişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı
qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına
pozaraq keçmiş sovet ordusunun Xankəndində yerləşən 366- cı
moto-atıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc
əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu. Xocalı soyqırımı
zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz
azərbaycanlı olduqlarına görə ağlagəlməz amansızlıqla qətlə
yetirildi, 487 dinc sakin yaralandı, 1275 nəfər isə girov
götürüldü.

Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti
şəkildə sübut edir ki, Azərbaycanın bu şəhərində törədilmiş
cinayətlər sıradan və təsadüfi hərəkət deyil, Ermənistanın sistemli
zorakılıq siyasətinin tərkib hissəsi olub. Xocalıdakı mülki
əhalinin məqsədyönlü qırğını Ermənistanda dövlət siyasətində
azərbaycanlılara qarşı yürüdülən etnik zəmində nifrət və irqi
ayrı-seçkilik siyasətindən qaynaqlanan cinayət idi və sadəcə etnik
mənsubiyyətinə görə insanların kütləvi qətlinə yönəlmişdi. XX əsrin
sonunda baş vermiş bu faciyə təkcə Azərbaycan xalqına deyil, bütün
insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən
biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi
kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin
xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı
soyqırımı haqqında həqiqətlərin dünya ictimayyətinə çardırılması,
onun soyqırım kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərir.
Faciə barəsində həqiqətlərin dünya ictimayyətinə çatdırılmasında
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyeva böyük xidmətlər
göstərir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə
2008-ci idən bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası
ilə geniş vüsət almışdır. İndiyə qədər 10-dan çox ölkə və İslam
Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırım kimi tanıyıb.


Xocalı Soyqırımını törətməkdə ermənistan silahlı qüvvələrinin
məqsədi doğma torpaqlarının müdafiəsinə qalxmış xalqımızı
sarsıtmaq, onun mübarizə əzmini qırmaq , torpaqlarımızı zorla ələ
keçirmək olsa da, bu ağır faciyə xalqımızı ruhdan salmadı, əksinə
xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və
milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə
səfərbər etdi. İllər keçdi, 2020-ci ilin 27 sentyabırında başlaya
və 44 gün davam edən Vətən . müharibəsində Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Qəhrəman Azərbaycan ordusu düşmən üzərində tarixi
Zəfər qazanaraq işğal altında olan torpaqlarımzı azad edərək
Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibədə
misilsiz qəhrəmanlıqlar nümayiş etdirən Ordumuz Xocalı soyqıqımının
qurbanlarının da qisasın aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Vətənimiz bütövləşdi.
Bunula da xalqımız cənab Prezident İlham Əliyevin ətrafında dəmir
yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Milli Məclisin deputatı

Rauf Əliyev

Teqlər: