11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkisində Azərbaycan xalqı öz Prezidentinə və iqtidarına inamını və güvənini bir daha rəsmiləşdirərək cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçdi. Xalqımız bir daha sürətli, hərtərəfli inkişafa, sabitliyə, uğurlu daxili və xarici siyasətə səs verdi. Xalqımız Umummilli lider Heydər Əliyevin layiqli davamçısı, ölkəmizin dinamik inkişafını, uğurlu daxili və xarici siyasətini müəyyənləşdirən və həyata keçirilməsini təmin edən Liderinə, onun hərtərəfli düşünülmüş müdrik siyasətinə səs verdi.
2003-cü ildən başlayaraq cənab Prezident tərəfindən yeni tarixi şərait, reallıqlar müdrikcəsinə qiymətləndirilərək müəyyənləşdirilən və həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın hərtərəfli, sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Ötən illər ərzində cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan çox böyük uğurlarına imza atmışdır. Əlbəttə, bu uğurların başında dayanan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda aparılan Vətən Müharibəsində Ermənistan ordusunun darmadağın edilməsi ilə nəticələnən böyük qələbsidir. Bu qələbə bütünlükdə Azərbaycan xalqının, lider-xalq, xalq-iqtidar birliyinin sarsılmaz olduğunu göstərdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç bir vaxt bu qədər güclü olmamışdır.
Dünyada baş verən qlobal iqtisadi-maliyyə böhranlarına, hazırda davam edən COVID-19 koronavirus pandemiyasına baxmayaraq, Azərbaycanda əldə olunan uğurlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alınmışdır. Dünya Bankının “Doing Business” hesabatında reytinqə görə, Azərbaycan 190 ölkə arasında 28-ci yerdədir. Azərbaycan 10 ən islahatçı ölkə sırasına daxil edilmişdir.
Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu yerdə, hökumətin siyasi sabitliyi təmin etməsi üzrə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı göstəricilər də yüksəkdir. Azərbaycan dəmir yolu xidmətlərinin səmərəliliyi üzrə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerlərdədir. İnklüziv inkişaf indeksi üzrə Azərbaycan üçüncü yerdədir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, həm daxili, həm xarici siyasət, 44 gün davam edən və Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar imkan verir ki, gələcəkdə də Azərbaycan bütün sahələrdə daha yüksək nəticələr əldə etsin.
Rauf Əliyev,
Milli Məclisin deputatı