Xəbər - Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyevin sözləri ilə desək ölkələrin enerji təhlükəsizliyi milli təhlükəsizliyi qədər vacib məsələdir. Avropa İttifaqının təbii qazla təminatı uzun illər eyni mənbələrdən olduğu üçün zaman -zaman siyasi xarakter almışdı. 2020-ci ilin dekabrında tikintisi başa çatmış Cənub Qaz Dəhlizi Avropa üçün yeni mənbə olmaqla yanaşı, bu qitənin enerji bazarında yeni reallıq yaradıb.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, bu dəhlizin tikintisini vaxtilə bəzi ölkələr mümkünsüz və yuxu kimi görürdülərsə, bu, artıq reallaşıb:
“CQD-nin əsas sərmayədarı və lokamativi olan Azərbaycan bu layihəyə şübhə ilə yanaşanlara sübut etdi ki, ciddi iradə ortaya qoyulanda uzunluğu 3500 km olan və çətin relyefli ərazilərdən keçən beynəlxalq meqalayihələr də reallaşdırmaq mümkündür.
Azərbaycan qazının Avropaya çatması və istifadəsinə başlanması Cənub Qaz Dəhlizinə yenidən marağı artırıb, bu layihənin şaxələndirilməsi və Qərbi Balkan ölkələrinə qədər uzadılması məsələsi aktuallaşıb. Cənub Qaz Dəhlizi vasitəsilə nəql olunacaq enerji resurslarının istehlak bazarı daha da genişlənməkdədir.
Eynilə bu marşurutun nəql mənbələrinin şaxələndirilməsinin perespektivləri genişdir.
Əvvəlcə onu qeyd edim ki, Azərbaycanın Xəzər dənizində təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatları mövcuddur. Həm də Türkmənistanla birgı işlənməsinə razılaşdırılmış Dostluq yatağında istehsal olunan qazın ixracı bu kəmər vasitəsilə həyata keçiriləcək.
Bundan əlavə Xəzər dənizinin şərq sahili ölkələrində istehsal olunan təbii qaz da bu kəmər vasitəsilə ölkəmizin üzərindən nəql olunacaq. Bu, o deməkdir ki, Cənub Qaz Dəhlizi uzun illər həm Xəzərdə, həm də xəzəryanı ölkələrdə istehsal olunan qazın ixracı baxımından yeni marşurut olmaqla çox persepektivlidir”.
A.Badamov qeyd edib ki, bu beynəlxalq ixrac marşrutu ölkəmizdə istehsal olunan enerji resurslarının ixracından, həm də ki, tranzit daşımalardan uzunmüddətli böyük iqtisadi dividentlər gətirəcək:
“Cənub Qaz Dəhlizi siyasi baxımından da çox əhəmiyyətli layihədir. Tarixdə ilk dəfə olaraq Cənubi Qaqaz regionu boru vasitəsilə Avropaya birləşib. Bu layihə regiona sülh və təhlükəsizlik gətirəcək. Çünki Avropa üçün Cənubi Qafqazın əhəmiyyəti artır. Bu regionda sülhün və təhlükəsizliyin təmin olunması Avropanın enerji təhlükəsizliyinin təminatına zəmanətdir. Ona görə də bu layihənin istismara verilməsi Azərbaycanın mövqelərini möhkəmləndirir və regionumuza qarşı Avropa ölkələrinin ədalətli mövqe ortaya qoyulmasını zəruri edir”.