Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycan su infrastrukturunun inkişafı sahəsində Almaniya şirkətləri ilə əməkdaşlığı genişləndirə bilər.
Trend-in məlumatına görə, bunu “Azərsu” MMC sədrinin birinci müavini Teymur Cabbarov çərşənbə axşamı “Azərbaycanda su infrastrukturunun dayanıqlı inkişafı” adlı Azərbaycan-Almaniya forumunda deyib.
O bildirib ki, Almaniya şirkəti ilə birgə Bakıya su infrastrukturu üçün tunel çəkilib: “Bu işlər çərçivəsində biz təkcə alman şirkətləri ilə deyil, həm də beynəlxalq şirkətlərlə əməkdaşlıq edirik”.
Onun sözlərinə görə, son 10 il ərzində Azərbaycanda su infrastrukturu sferasında bir sıra layihələr reallaşdırılıb: “Bu layihələrə Almaniya, Yaponiya, Cənubi Koreya və digər ölkələrdən yeddi bankdan maliyyə cəlb edilib. Gəncədə su infrastrukturunun yenilənməsi üçün su kəmərinin çəkilməsi, suyun təmizlənməsi və digər işlər həyata keçirilib. Analoji işlər Şəki şəhərində də aparılıb”.
T.Cabbarov əlavə edib ki, su şəbəkəsinin idarə olunması üçün ən yeni texnologiyalardan istifadə olunur: “Bu, suyun keyfiyyətinə nəzarət etməyə, suyun axınını idarə etməyə, istehlaka nəzarət etməyə və digər xidmətlər həyata keçirməyə imkan verir”.
(Tərcümə: Orxan Nəbiyev)