Daşkənd. Klavdiya Romakayeva – Trend:
Azərbaycan Cənubi Asiya ölkələri üçün MDB və Şərqi Avropa bazarlarına çıxış imkanları yaradan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini fəal şəkildə təşviq edir.
AzerTimes-ın məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev “Mərkəzi və Cənubi Asiya: Regional əməkdaşlıq, sınaqlar və imkanlar” adlı beynəlxalq konfrans çərçivəsində plenar müzakirələr zamanı deyib.
O bildirib ki, regional əməkdaşlığa böyük əhəmiyyət verən Azərbaycan regionda sabitlik və təhlükəsizliyin dəstəklənməsində və iqtisadi çiçəklənməsində maraqlıdır: “Azərbaycan öz tərəfdaşları ilə birgə Çinlə Mərkəzi Asiya və Avropa ölkələri arasında tranzit yüklərinin daşınmasını təmin edən Şərq-Qərb nəlqiyyat dəhlizini səmərəli şəkildə inkişaf etdirir. Azərbaycan Çinin “Bir kəmər – bir yol” təşəbbüsünü dəstəkləmiş ilk ölkələrdən olub. 2015-ci ildə iki ölkə İpək yolunun birgə təşviqi və iqtisadi faydası barədə memorandum imzalayıb. Bu istiqamətdə fəal əməkdaşlıq həyata keçirilir”.
Naş nazirin müavini Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin də vacibliyini vurğulayaraq bildirib ki, Azərbaycan tərəfdaşları İran və Rusiya ilə birgə Hindistana və digər Cənubi Asiya ölkələrinə MDB və Şərqi Avropa bazarlarına çıxış imkanları yaradan bu nəqliyyat dəhlizini fəal şəkildə təşviq edir.
Ş.Mustafayev əlavə edib ki, Dünya İqtisadi Forumunun məlumatlarına əsasən, Azərbaycan avtomobil yolları infrastrukturunun keyfiyyətinə görə, dünyada 27-ci, dəmiryol xidmətlərinin səmərəliliyinə görə, 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, liman xidmətlərinin səmərəliliyinə görə 25-ci yerdədir: “Azərbaycan regional layihələrin inkişafına xüsusi əhəmiyyət verir. Hətta koronavirus pandemiyası fonunda beynəlxalq nəqliyyat və enerji kommunikasiyaları fasiləsiz funksiyası üçün bütün tədbirləri görüb”.
(Tərcümə: Orxan Nəbiyev)