Xəbər - Zeyni Cəfərov – Trend:
Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində az və ya çox səviyyədə azalma tendensiyası müşahidə olunub, amma tam əminliklə demək olar ki, yerli sığorta bazarı COVID-19 koronavirus pandemiyasının səbəb olduğu irimiqyaslı fəsadlardan yan keçə bilib.
Bunu AzerTimes-a Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev deyib.
Onun sözlərinə görə, bu ilin yanvar-fevral ayları ərzində yerli sığorta bazarının icmal göstəriciləri nisbi mənfi təsirin olduğunu göstərir, amma eyni zamanda, 2021-ci ilin birinci rübünün yekunlarına əsasən, müsbət tendensiya göz qabağındadır:
“Bu ilin yanvar-mart aylarında Azərbaycan şirkətlərinin sığorta yığımları 248,9 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 milyon manat çoxdur. Sığorta ödəmələrində də artım tendensiyası qeydə alınıb. Belə ki, bu ilin ilk üç ayı ərzində icra olunmuş sığorta ödəmələri 145,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,3 milyon manat çox olub. Ümumilikdə sığorta yığımları ümumi ödənişləri 8 dəfədən çox üstələyib ki, bu da müsbət faktdır. Hesab edirəm ki, sığorta yığımlarının artım dinamikasının təmin olunması yerli sığorta bazarının pandemiyanın çətinliklərinə uğurla müqavimət göstərməsinin, sığorta ödəmələrinin artması isə ölkədə sığorta şirkətlərinin aktiv fəaliyyətinin təsdiqidir”.
E.Mirsalayev əlavə edib ki, dinamik artım orta və uzunmüddətli perspektivdə də qorunub saxlanılacaq, çünki mövcud və potensial sığortaçılar tərəfindən sığorta xidmətlərinə marağın artırılması istiqamətində daim tədbirlər görülür.
O qeyd edib ki, yerli sığorta bazarının tənzimləyicisi qismində Azərbaycan Mərkəzi Bankının sığorta sektorunun kapitallaşması, makroiqtisadi şoklara qarşı immunitetin möhkəmləndirilməsi və maliyyə dayanıqlığını itirmiş iştirakçıların kənarlaşdırılması üzrə tədbirləri sığorta bazarının etibarlı inkişafı baxımından vacib əhəmiyyət daşıyır:
“Bəzi sığorta şirkətlərinin lisenziyalarının ləğvini real bazar şərtləri nəzərə alınmaqla görülən sağlamlaşdırma tədbirləri kimi qiymətləndirmək lazımdır. Bu, vaxtlı-vaxtında atılmış addımdır, çünki yerli sığorta bazarı inkişafının yeni mərhələsindədir”.
Azərbaycan sığorta bazarının üçillik inkişaf strategiyası barədə danışan E.Mirsalayev deyib ki, sığorta savadlılığının artırılması və sığorta xidmətlərinin inkişafı ilə yanaşı sığorta şirkətlərinin fəaliyyətinin stimullaşdırılması məsələsi də nəzərdən keçirilir:
“Bu yol xəritəsi sığorta bazarının iştirakçıları tərəfindən təsdiq olunub və Mərkəzi Bank tərəfindən qəbul edilib. ASA Müşahidə Şurası bu ilin aprelində yerli sığorta bazarının inkişafı və stimullaşdırılması üzrə üçillik strategiyanı təsdiqləyib. Bu strategiyada dövlət və özəl təşkilatlarla münasibətlərin formalaşdırılmasına, müasir bazar şərtlərinə uyğun olaraq qanunvericilikdə dəyişikliklər layihələrinin hazırlanmasına, dünya sığorta bazarının subyektləri ilə qarşılıqlı kadr və təcrübə mübadiləsinə diqqət ayrılıb”.
ASA-nın icraçı direktoru qeyd edib ki, Azərbaycanın sığorta bazarında qısa və ortamüddətli perspektivdə vətəndaşların maarifləndirilməsi və məlumatlandırılması istiqamətində addımlar nəzərdə tutulub. Bunun üçün həm sığorta xidmətlərindən istifadə etməyə yaxın olan strukturlarla əməkdaşlığın qurulması, həm də vətəndaşların və sahibkarların məlumatlandırılması və sığorta xidmətlərinə çıxışın təmin olunması istiqamətində fundamental addımlar atılır.
ASA hazırda Türkiyə Sığorta İttifaqı, Azərbaycan Sahibkarlar Konfederasiyası, Sahibkarlığın İnkişafı Fondu, Sosial Araşdırmalar Mərkəzi, Mühasiblər və Risk Peşəkarları Assosiasiyası ilə əməkdaşlıq qurub:
“Vətəndaşlar unutmamalıdır ki, sığorta digər ölkələrdə olduğu kimi iqtisadiyyatın başlıca aparıcı qüvvəsidir, çünki biz sığorta sektorunda mütərəqqi addımlar atmaqla müəyyən mənada Azərbaycan iqtisadiyyatının inkişafını stimullaşdırırıq. Ümid edirəm və proqnozlaşdırıram ki, bizim fəaliyyətimiz qısa və uzunmüddətli perspektivdə müsbət nəticələr verəcək”.
(Tərcümə: Orxan Nəbiyev)