Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı dünya enerji bazarının stabilliyi üçün vacib əhəmiyyət daşıyır – Pərviz Şahbazov

Xəbər - Ləman Zeynalova – Trend:

Azərbaycanla Səudiyyə Ərəbistanı arasında neft-qaz sahəsində əməkdaşlıq dünya neft-qaz bazarının stabilliyi üçün həyati vacib əhəmiyyət daşıyır.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Asharq Al-Awsat” nəşrinə müsahibəsində deyib.

“Səudiyyə Ərəbistanı uzun illər ərzində dünya bazarının balansının möhkəmlənməsinə və enerji daşıyıcılarının qiymətlərinin sabitləşməsinə töhfə verir. Azərbaycan dünya enerji bazarının stabilləşməsinin vacib kanallarından biri olan OPEC+ qrupuna qoşulub. Biz hazırda bu formulu stabilliyin artmasının və dünya enerji bazarında balansın əldə olunmasının vacib aləti kimi görürük” – deyə nazir bildirib.

P.Şahbazov əlavə edib ki, neft daha çox illər əsas enerji mənbəyi kimi qalacaq:

“Beləliklə, OPEC+un bazarın stabilliyinin təmin edilməsində rolu enerjinin gələcəyi üçün həyati əhəmiyyət daşımaqda davam edəcək. Qiymətlərin sabitləşməsindən daha vacib amil dünya enerji təchizatının dayanıqlığının təmin olunmasıdır”.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: