Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Serbiya biznes forumu keçirilib.
AzerTimes xəbər verir ki, iki ölkənin rəsmilərinin də qatıldığı forumda Azərbaycan və Serbiyanın iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətləri iştirak edib.
Əvvəlcə Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl və məqsədyönlü işlər, əldə olunan uğurlu nəticələr barədə məlumat verilib.
Serbiyanın Ticarət və Sənaye Palatası Prezidentinin müşaviri Srdjan Popovic ölkəsinin Azərbaycanla münasibətlərinin inkişafından bəhs edib. Bu pozitiv dinamika ilə paralel olaraq iki ölkənin iş adamları arasında əlaqələrin də genişlənməkdə olduğunu diqqətə çatdırıb.
Biznes forumda Azərbaycan tərəfindən Ələt Azad İqtisadi Zonası İdarə Heyətinin sədri Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasına dair ətraflı təqdimatla çıxış edərək, bu zonanın investorlar üçün mühüm əhəmiyyətini diqqətə çatdırıb. Eləcə də Serbiyalı iş adamları təqdimatlar ediblər.
Azərbaycan ilə Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iki ölkənin dövlət başçılarının səyləri, imzaladıqları mühüm sənədlər nəticəsində Azərbaycan-Serbiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlıq gündəliyinin getdikcə genişləndiyini deyib. İki ölkənin ticarət dövriyyəsində ötən il 6,3%, bu ilin yanvar-may aylarında 55,4% artım olduğunu qeyd edib.
Nazir əməkdaşlığın daha geniş miqyas alması üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdırıb. Bu potensiala uyğun olaraq və qarşılıqlı səylər nəticəsində əlaqələrin qarşıdakı dövrdə daha da inkişaf edəcəyinə əminliyini bildirib. Hökumətlərarası Komissiyanın bu gün keçirilmiş 6-cı iclasının, iclasın yekunlarına dair imzalanmış Protokolun da qeyd edilən istiqamətdə mühüm töhfə vermək məqsədi daşıdığını bildirib.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qələbəsini, ərazilərimizin Ermənistanın işğalından azad edildiyini bildirən S.Babayev qeyd edib ki, Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə aparılan quruculuq işlərində dost ölkələrin iştirakı bu gün ölkəmiz üçün prioritet önəm kəsb edir.
Nazir Serbiya şirkətlərinin də bu prosesə fəal şəkildə qatılacağına ümidvar olduğunu bildirib. O, Azərbaycanda əlverişli biznes mühitinin mövcud olduğunu qeyd edib.
Ölkəmizdə dayanıqlı iqtisadi inkişafın təmin olunması, qeyri-neft sektorunun genişlənməsi istiqamətində əldə olunan irəliləyişləri diqqətə çatdırıb. Yaradılmaqda olan Ələt Azad İqtisadi Zonasının da qeyri-neft sektoru üzrə investorlar üçün cəlbedici olacağını deyib.
S.Babayev iki ölkənin iş adamları arasında biznes forumların, bu görüşlərdə qarşılıqlı maraq doğuran təqdimatların əlaqələrin daha da genişlənməsi, yeni əməkdaşlıq istiqamətlərinin formalaşması baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıb.
Serbiya tərəfindən həmsədr, xarici işlər naziri Nikola Selakoviç ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini və ikitərəfli əməkdaşlığın genişlənməkdə olduğunu, bu prosesdə iş adamlarının da fəal rola malik olduqlarını deyib. O, keçirilən belə görüşlərin işgüzar əməkdaşlıq üçün mövcud imkanları müzakirə etməyə, faydalı nəticələrə imkan yaratdığını bildirib.
Serbiya şirkətlərinin nümayəndələri ilə gələcək əməkdaşlıq məsələlərinə dair fikir mübadilələri aparılıb.