“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin fəaliyyətinin 4 ili tamam oldu

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 06 noyabr 2017-ci il tarixli Fərmanına əsasən yaradılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) fəaliyyətinin 4 ili tamam oldu.

Korporasiyanın yaradılması ölkə iqtisadiyyatının gələcək inkişafı istiqamətində atılan mühüm addımlardandır. Onun fəaliyyətinin əsas məqsədləri dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, idarəçiliyində olan müəssisələr arasında əlverişli kooperasiya əlaqələri yaratmaq, onlarda qabaqcıl texnologiyaların tətbiqi üçün yenidənqurma işlərini aparmaq, müasir idarəçilik mexanizminin tətbiqi və istehsal potensialının gücləndirilməsinə nail olmaqdır.

Fəaliyyət dövrü ərzində “Azərbaycan Sənaye Korporasiyası” ASC sənaye məhsulları istehsalının həcminin artırılması və keyfiyyətinin yüksəldilməsi, ölkədə, əsasən də regionlarda yeni iş yerlərinin yaradılması yolu ilə əhalinin maddi rifahının yüksəldilməsinə yönəlmiş mühüm silsilə tədbirlər həyata keçirib.

Bu tədbirlər sırasında Сəmiyyətin institusional inkişafı fəaliyyətləri, törəmə cəmiyyətlərin formalaşdırılması və restruktrizasiyası, yeni investisiyaların cəlbi, innovativ əsaslı elektron idarəetmə sistemlərinə keçid, biznes proseslərin avtomatlaşdırılması, risklərin çevik idarə edilməsi, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) keçid, işçi heyyətin beynəlxalq sertifikasiya imtahanları üzrə təlim və imtahanlara cəlb edilməsini qeyd etmək olar. Görülmüş tədbirlərin nəticələri artıq öz bəhrələrini verməkdədir.

İnstitusional inkişafın təmini fəaliyyətləri çərçivəsində törəmə cəmiyyətlərin inkişaf strategiyaları hazırlanıb, biznes proseslərin avtomatlaşdırılması istiqamətində qabaqcıl həllər tətbiq edilməklə ERP sistemləri qurulub, maliyyə idarəetməsi beynəlxalq standartların tələblərinə uyğunlaşdırılıb, Cəmiyyətin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (IFRS) uyğun audit olunaraq dərc edilib.
Qeyd edilən uğurların əldə edilməsi peşəkar komandanın səyləri və komanda ruhunun yüksək olması ilə mümkün olub. Cəmiyyət öz işçi heyyətinin peşəkar inkişafını daim diqqətdə saxlayaraq bu istiqamətdə planlı fəaliyyətləri icra edib. İşçi heyyət beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramlarına və təlimlərə cəlb edilib, heyyət üzvləri beynəlxalq səviyyədə tanınan sertifikasiya imtahanlarından uğurla keçib. Əməkdaşların əldə etdiyi biliklər Korporasiyanın icra etdiyi iri layihələrin uğurla tətbiqinə imkan verib.
Hazırda, Cəmiyyət tərəfindən qeyri-neft sektorunun müxtəlif sahələrini əhatə edən 19 törəmə müəssisə yaradılıb. Bunlardan sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sıra müəssisələri, o cümlədən “Azəralüminium” MMC, “Azərpambıq ASK” MMC, “ASK Tütün” MMC, “Azəripək” MMC və digərlərini göstərmək olar.

Korporasiyanın törəmə müəssisələrindən olan “Azəralüminium” MMC ölkənin mühüm istehsal sahələrindən biridir və respublikamızda əlvan metallurgiya sənayesinin aparıcı müəssisələrindən sayılır. “Azəralüminium” MMC tərəfindən strateji inkişaf planı üzrə mühüm addımlar atılıb. Azərbaycan Respublikasında alüminium istehsalının daha da genişlənməsi, istehsal olunan məhsulların satış imkanlarının şaxələndirilməsi, yeni satış bazarlarına çıxış, xərclərin optimallaşdırılması və ən son qabaqcıl istehsal texnologiyalarının tətbiq olunması istiqamətində “Azərbaycan Sənaye Korporasiyası” ASC, onun törəmə müəssisəsi olan “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında ilkin müqavilə imzalanıb. Bu əməkdaşlıq nəticəsində üstün texnologiyalar əsasında alüminium məhsullarının istehsal edilməsinə imkan yaranacaq və bu da öz növbəsində daha geniş spektorlu əlavə dəyərli alüminium məhsullarının satışına səbəb olacaqdır. Müəssisənin inkişaf strategiyası sırasında dünyada geniş tətbiqi olan və avtomobil, aviasiya, telekomunikasiya, həmçinin digər sahələrdə istifadə edilən isti yayma alüminium məhsullarının istehsalı əsas yerdədir. “Achenbach Buschhütten” şirkəti arasında imzalanmış ilkin müqavilədə bu hədəf də əksini tapıb.

Bundan əlavə Azərbaycanda alüminium sənayesinin inkişaf etdirilməsi ilə bağlı “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən digər layihələrin də həyata keçirilməsinə başlanılıb. Bu qəbildən Gəncədə gil-torpaq zavodunun modernizasiyası, “Daşkəsən Zəylik Alunit Mədəni”ndən istifadə edərək filiz zənginləşdirmə zavodunun qurulması, neft koksunun kalsinasiyası və anod bloklarının istehsalı zavodunun tikintisi kimi iri həcmli layihələri qeyd edtmək olar. Daşkəsən “Zəylik” alunit yatağında Böyük Britaniyanın “MICON” şirkəti ilə birgə alunit filizinin miqdarının təyin edilməsi üçün təsdiqedici kəşfiyyat işlərinin aparılması da bu layihələrə daxildir. Əldə olunmuş məlumatlar layihənin növbəti mərhələsinə keçmək üçün zəmin yaradır.

Korporasiyanın fəaliyyət dövrü ərzində pambıqçılıq sahəsində aqro-texniki baza xeyli dərəcədə gücləndirilib, pambığın əkilməsi, becərilməsi, aqrotexniki tədbirlərin optimal müddətdə təmin edilməsi və bu işlərin səmərəliliyinin daha da artırılması üçün müəssisə mindən çox ( pambıq yığan kombayn, traktor, yanacaq daşıyan çən və digər) yeni kənd təsərrüfatı texnika və aqreqatları ilə təmin edilib.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan “Azərpambıq ASK” MMC ölkədə pambıq tədarükü, pambıq məhsullarının emalı və ixracında xüsusi rol oynayır. Müəssisənin fəaliyyəti nəticəsində emal olunan pambıq məhsullarının keyfiyyətini yaxşılaşdırmaq, xarici bazarda rəqabət üstünlüyünü qorumaq və daha da gücləndirmək, müasir emal texnologiyalarından istifadə etmək, eyni zamanda istehsalı daha səmərəli şəkildə təşkil etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Müəssisədə idarəetmənin təkmilləşdirilməsi, resursların planlaşdırılması və uçotun qurulması üçün İKT infrastrukturu yaradılıb, elektron sistem tətbiq edilib. Eyni zamanda fermerlərin elektron reyestri yaradılıb ki, hər il “Azərsky” peykinin təsvirləri əsasında pambıq əkini sahələrinin monitorinqləri aparılır, pambıq əkilən sahələr naturada ölçülərək, xəritələşdirilir və illər üzrə vahid coğrafi məlumat bazası formalaşdırılır.

“Azərpambıq ASK” MMC-nin Ağcabədi rayonunda yerləşən Pambıq İstehsalı və Emalı Zavodu yenidən qurularaq istifadəyə verilib. Yenidənqurma işlərinin həyata keçirilməsi üçün bu sahədə böyük təcrübəsi olan və ölkədə bir neçə pambıq emalı zavodunun qurulmasında iştirak edən Türkiyə şirkəti ilə danışıqlar aparılıb və bu danışıqların müsbət nəticəsi olaraq zavodda Türkiyə istehsalı olan yeni avadanlıqlar qurulub, müəssisədə infrastruktur tamamilə yenilənib. Yenidənqurmadan sonra zavodun xam pambıq emalı gücü gündəlik 28 tondan 200 tona çatdırılıb, müasir avadanlıqlar sayəsində xərclərə qənaət edilib, emal nəticəsində əldə olunan pambıq-mahlıcın təmizlik dərəcəsi artıb və məhsulun keyfiyyəti xeyli yaxşılaşdırılıb.

“Azərpambıq ASK” MMC-nin Saatlı rayonunda yerləşən Pambıq İstehsalı Emalı Zavodunda aparılan təmir-bərpa və yenidənqurma işləri çərçivəsində quruducu, təmizləyici və emal avadanlıqlarının yenilənməsi nəticəsində müəssisənin gündəlik emal gücünün 30 tondan 167 tona çatdırılması gözlənilir. İstehsal həcminin artması və eyni zamanda daha keyfiyyətli məhsulun əldə olunması müəssisənin gəlirliyinə müsbət təsir göstərəcəkdir. Zavodun tam gücü ilə işə düşməsindən sonra Cəmiyyətin Salyan, Sabirabad və İmişli rayonlarında yerləşən məntəqələrində də tədarük olunmuş xam pambıq həmin müəssisəyə qəbul olunaraq, emal olunacaqdır. Qeyd olunan yenidənqurma işləri “Azərpambıq ASK” MMC-nin ötən il əldə olunmuş mənfəəti hesabına həyata keçirilir.


Ümumilikdə, emaldan alınan mahlıc və digər məhsulların keyfiyyətinin yüksəldilməsi üçün Ağcabədi, Beyləqan, Biləsuvar və Saatlı pambıq istehsalı və emalı zavodlarına təbii qaz xətləri çəkilib və texnoloji proses nisbətən təkmilləşdirilib, zavod və məntəqələrdə infrastrukturun yaxşılaşdırılması, zəruri istehsalat vasitələri ilə təchizat, o cümlədən taya yerlərinin təmir-bərpa işləri təmin edilib, Tərtər məntəqəsinin yeni inzibati binası istifadəyə verilib.

Son 4 il ərzində “Azərpambıq ASK” MMC tərəfindən 29 min ha sahədə pambıq əkini aparılıb. Məhsuldarlıq 1,5 dəfə artırılıb. Belə ki, 2018-ci ildə orta məhsuldarlıq 19,5 sentner olduğu halda, 2020-ci ildə 28 sentnerdən artıq olub. Xam pambıq tədarükü 2018-ci ildə 56 min 566 ton, 2019-cu ildə isə 80 min 542 ton, 2020-ci ildə 92 min 783 ton olub.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2018-ci ildə Balakən rayonunda tutumu 9 ton olmaqla İtaliya texnologiyaları əsasında 60 ədəd müasir qurutma kamerası olan müasir Tütün İstehsalı və Emalı Kompleksi yaradılıb. 2019-cu ildə isə Şəki rayon tütünqurutma kompleksinin genişləndirilməsi və müəssisənin emal potensialının gücləndirilməsi məqsədi ilə məntəqədə əlavə 30 ədəd müasir odla qurutma kameraları quraşdırılıb, anbar binası, köməkçi binalar, çeşidləmə zonası, altıaçıqlar inşa edilərək yeni məntəqənin yaradılması təmin edilib. Ümumilikdə, bu gün Balakən, Zaqatala, Qax və Şəki rayonlarında 266 ədəd müasir odla qurutma kamerası, anbar və ofis binaları, texnoloji avadanlıqlar, aqrotexnika parkı, habelə digər zəruri infrastruktura malik 4 ədəd Tütün İstehsalı və Emalı Məntəqəsi vardır, Zaqatala rayonunda isə bir Tütün Emalı Zavodu fəaliyyət göstərir.

“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018– 2025-ci illər üçün Dövlət Proqramı”dan irəli gələn vəzifələrin və tapşırıqların icrasını nəzərə alaraq, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Sənaye Korporasiyası” ASC tərəfindən yerli və ya xarici məsləhətçilər cəlb edilməklə “Azəripək” MMC-nin gələcək fəaliyyəti barədə xüsusi istehsal və marketinq strategiyasının hazırlanması barədə qərar qəbul olunub. Bu məqsədlə, Kənd Təsərrüfatı Nazirliyi və Korporasiyanın nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. Keçirilən açıq tender proseduruna Hindistan, Kanada, ABŞ, Türkiyə və İtaliyadan 6 beynəlxalq şirkət cəlb olunub. Tender komissiyasının və İşçi qrupunun qiymətləndirilməsi nəticəsində tenderdə konsorsium şəkilində iştirak edən ABŞ-ın “Werner International” və Türkiyənin “TSKB Sürdürülebilerlik danışmanlığı A.Ş.” şirkəti qalib seçilib. “Azəripək” MMC-nin strategiya planının hazırlanması prosesi yekunlaşaraq, strategiya İşçi qrupuna təqdim edilib. Hal-hazırda məsləhətçi şirkətin nümayəndələri ilə İşçi qrupu və müəssisənin əlaqəli departamentləri arasında strategiyanın hər bir bölməsi üzrə müvafiq olaraq müzakirələr aparılır.

“Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlığın inkişafı üzrə Tədbirlər Planı”nın 11-ci bəndi üzrə Azərbaycanda ipəkçiliyin və baramaçılığın inkişaf etdirilməsi, Cəmiyyətin törəmə müəssisəsi olan “Azəripək” MMC-də barama emalının və istehsalat prosesinin təkmilləşdirilməsi, həmçinin ipəkçilik məhsullarının istehsalı və satışı istiqamətində qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi məqsədi ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC və “Uzbekipeksanoat” Assosiasiyası ilə “Memorandum” imzalanıb. Əməkdaşlıq çərçivəsində “Azəripək” MMC-nin müvafiq istehsal xətlərinin zəruri ehtiyyat hissələri Özbəkistandan təchiz edilərək, müəssisənin bir sıra istehsal və emal avadanlıqlarının təmir-bərpa işləri aparılıb. Hazırda bu istiqamətdə işlərin davam etdirilməsi, habelə istehsalat prosesinin optimallaşdırılması istiqamətində qarşı tərəflə birlikdə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, müəssisənin baramaaçan avadanlıqlarının istehsal gücünün artırılması, istehsal olunan xam ipəyin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Azəripək” MMC və “Golden Silk” MMC arasında bağlanmış müqaviləyə əsasən baramaaçan avadanlıqlar, eləcə də yan məhsulların (vata) təkrar emalı üçün alınaraq müəssisəyə gətirilmiş ehtiyyat hissələrinin quraşdırılması, müəssisənin istehsal avadanlıqlarının modernizasiyası, emal prosesinin optimizasiya edilməsi istiqamətində fəaliyyət davam edir.

Yeni “vata” məhsulu emalı sexinin yaranması ilə “Azəripək” MMC-də istehsal olunan məhsulların sayı artaraq, nəticədə istehsalın şaxələnməsinə səbəb olub. Müəssisə istehsal etdiyi xam ipək, kəlağayı məhsulları ilə birgə vata məhsulunun da yüksək keyfiyyətdə beynəlxalq bazara çıxarılmasına nail olub.

Özbəkistan tərəfi ilə görüləcək tədbirlər nəticəsində “Azəripək” MMC-nin istehsal gücünün iki dəfəyə qədər artırılması, emala yararsız baramadan müvafiq malların istehsalının təşkili, habelə ipək xalça, digər ipəkçilik məhsulların istehsalı və satışı istiqamətində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

“Azərbaycan Sənaye Korporasiyası” ASC tərkibində olan törəmə müəssisələrin sağlamlaşdırılması və inkişaf etdirilməsi yolu ilə qeyri-neft sektorunun iqtisadiyyatın inkişaf mərkəzinə çevrilməsi yönündə ölkə iqtisadiyyatına gərəkli töhvələrini verir. Bu baxımdan müasir dünya ticarətinin tələblərinə uyğun innovativ üsulları tətbiq etməklə ixrac potensiallı məhsulların istehsalı və onların dünya bazarlarına ixracının artırılmasına nail olmaq istiqamətində ciddi işlər görülür.

“Azərbaycan Sənaye Korporasiyası” ASC yaranmasının dördüncü ilində ölkə rəhbərliyi tərəfindən göstərilən etimad və qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə çalışaraq, ölkəmizə var qüvvəsi ilə xidmət edəcək və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızın inkişafı, tərəqqisi naminə əzmlə fəaliyyətini davam etdirəcəkdir !

Teqlər: