“Azərbaycan Sənaye Korporasiyası” ASC-də döyüş medalları ilə təltif olunan əməkdaşlarla görüş keçirilib (FOTO)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2021-ci il 24 iyun tarixli Sərəncamları ilə Vətən Müharibəsində göstərdiyi şücaətə görə müxtəlif medallar ilə təltif olunan Vətən Müharibəsi iştirakçıları arasında “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrinin 34 nəfər əməkdaşı da var.

AzerTimes-ın məlumatına görə, bu münasibətlə “Azərbaycan Sənaye Korporasiyası” ASC-də döyüş medalları ilə təltif olunan əməkdaşlarla görüş keçirilib.

Əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi görüş iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Korporasiyanın Baş direktoru Kamran Nəbizadə bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev, rəşadətli ordumuz və ulu xalqımızın Vətən naminə, müqəddəs amal uğrunda bir yumruq kimi birləşməsi Qarabağın qayıdışı adlı qalibiyyət salnaməsi yaratdı. “Əlbəttə ki, bu zəfər salnaməsi başda ölkə Prezidenti cənab İlham Əliyev olmaqla, hər bir azərbaycanlının, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və qazilərimizin şah əsəridir” – deyə Cəmiyyətin Baş direktoru qeyd edib. Ölkəmiz üçün taleyüklü, eyni zamanda şərəfli olan həmin günlərdə torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq mübarizəsində “Azərbaycan Sənaye Korporasiyası” ASC kollektivinin bütün heyətinin vətəndaş borcu, yurd sevgisi və azərbaycanlı ruhu ilə xalqımızın, Ali Baş Komandan İlham Əliyevin və qürur mənbəyi olan ordumuzun yanında olmasını vurğulayan Kamran Nəbizadə rəşadətli Ordumuzun müəllifi olduğu qəhrəmanlıq dastanının gələcək nəsillər üçün daima bir qürur mənbəyi olacağını bildirib. Vətən müharibəsi iştirakçıları ilə görüşü zamanı Cəmiyyətin Baş direktoru onu da qeyd edib ki, şəhid və qazi adının, xatirəsinin hörmətlə anıldığı bir ölkənin gələcəyi parlaqdır və dövlətimizin həmin istiqamətdə apardığı mükəmməl fəaliyyəti bu fikrin ən bariz nümunəsidir.

Tədbirdə Böyük Qələbəyə həsr olunmuş videoçarx nümayiş olunub.

Sonda işğaldan azad olunan torpaqlarımız uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə medallarla təltif olunmuş əməkdaşlara “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti adından Korporasiyanın Baş direktoru Kamran Nəbizadə xatirə hədiyyələrini təqdim edib.

Vətən uğrunda döyüşlərdə iştirak edərək şəhid olmuş Cəmiyyətin əməkdaşı Rafiq Heydərovun əziz xatirəsi də tədbir iştirakçıları tərəfindən yad edilib. Qəhrəman Vətən oğlu Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Ümumilikdə “Azərbaycan Sənaye Korporasiyası” ASC və onun törəmə müəssisələrində çalışan 111 əməkdaş Vətən müharibəsində iştirak edib. Korporasiyanın Aparatının 1, “Azəralüminium” MMC-nin 20, “Azərpambıq ASK” MMC-nin 10 və “ASK Security” MMC-nin 3 əməkdaşı medallarla təltif olunub.

Qəhrəmanlarımız qürur mənbəyimizdir!

Teqlər: