Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan misilsiz xidmətlərinin ən bariz nümunələrindən biri də ümummilli liderin əhalinin sağlamlığının mühafizəsinə, millətin genofondunun qorunmasına, gələcəyinin təmin edilməsinə diqqət və qayğısı, dəyərli töhfələri və bu sahədə çoxcəhətli fəaliyyəti olmuşdur. Səhiyyə məsələləri ilə bağlı söhbətlər, müzakirələr, qayğılar, düşüncələr Ulu Öndərin çoxşaxəli nəhəng fəaliyyətinin vacib bir hissəsi idi.
Ulu Öndərin Azərbaycanın rəhbərliyinə ilk gəlişi sovet dönəminə təsadüf etmişdi. Cəmiyyətin bütün digər sahələrində olduğu kimi, səhiyyədə də əvvəlki dövrlərdə əldə edilən uğurlar hələ ki, inkişaf imitasiyasını verirdi. Lakin real vəziyyət göründüyündən fərqli idi. Məsələn, səhiyyənin maddi-texniki bazası acınacaqlı durumda idi. O cümlədən, kadr çatışmazlığı və mövcud kadrların qeyri-qənaətbəxş səviyyəsi də Azərbaycan səhiyyəsinin yığılıb qalmış problemlərindən idi.
Ona görə də 1969-cu ildə keçirilmiş tarixi plenumda Azərbaycanda səhiyyənin inkişaf sürətini prinsipcə kökündən dəyişmək qarşıya vəzifə kimi qoyuldu və respublikanın yeni rəhbərinin bu sahədə tərəqqiyə nail olmaq əzmi özünü dərhal və aydın şəkildə göstərdi. Azərbaycanda hər sahədə vəziyyəti yaxşılaşdırmaq üçün var qüvvə ilə çalışmağa başlayan Heydər Əliyevin əsas fəaliyyət istiqamətlərindən biri də məhz səhiyyənin maddi-texniki bazası və keyfiyyətin yüksəldilməsi oldu.
Ümummilli liderimiz səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlərə kompleks şəkildə yanaşdı. İlk növbədə, o, əhalinin sağlamlığının qorunması sahəsində problemlərin həllinə səhiyyənin qanunvericilik bazasının möhkəmləndirilməsindən başladı. 1969-cu ilin dekabrında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Ali Soveti gələcək nailiyyətlərin bünövrəsində duran “Sağlamlıq Məcəlləsi” adlı sənədi qəbul etdi. Bu Məcəllə səhiyyənin gələcək inkişaf istiqamətlərini müəyyən etməklə, qarşıdan gələn illər üçün həm də bu sahədə fəaliyyət planı oldu və səhiyyənin inkişafına əsaslı təkan verdi.
Bundan sonra köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir cihaz və avadanlıqlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatından keçirilməsi və digər mühüm istiqamətlərdə tədbirlərə kütləvi start verildi. 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri, müasir səhiyyə obyektləri inşa olundu. Qısa zaman məsafəsində respublikada Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz və başqa tibb müəssisələri yaradıldı və əhalinin istifadəsinə verildi. Milli Onkologiya Mərkəzinin yeni korpusunun və Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun yeni kompleksinin tikintisinə başlandı. Təkcə uşaq poliklinikalarının sayı 1970-1975-ci illərdə 150-dən 185-ə çatdırıldı. Səhiyyəni cəmiyyətin və dövlətin həyatında ən mühüm sahələrdən biri kimi qiymətləndirən ulu öndər Heydər Əliyev deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir.”
Qeyd olunduğu kimi, həmin dövrdə nəzərə çarpan problemlərdən biri də yüksək ixtisaslı, peşəkar tibbi kadrların defisiti ilə bağlı idi. Müasir səhiyyə müəssisələri isə müvafiq yüksək səviyyəli kadr potensialının olmasını tələb edirdi. Həkimlərin və orta tibb işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb məktəblərinə tələbə qəbulu artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı.
Tibbi kadrların kəmiyyət artımı ilə yanaşı, onların keyfiyyəti də böyük əhəmiyyət daşıyırdı. Səhiyyənin inkişafında əsas amillərdən biri olan kadrların təkmilləşməsi sahəsində bir-biri ilə qarşılıqlı surətdə bağlı olan iki məsələ, səhiyyə müəssisələrində çalışacaq yüksək ixtisaslı tibb personalının və təbabət sahəsində elmi tədqiqatlar aparacaq gənc alimlərin hazırlığı qarşıda vəzifə kimi dururdu. Bu məqsədlə həm Bakıda ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, həm SSRİ-nin qabaqcıl tibb təhsili müəssisələrində həkim kadrlarının hazırlığına, həm də tibb elminin inkişafına, gənc azərbaycanlı alimlərin İttifaq səviyyəli tibb ocaqlarında öz elmi fəaliyyətlərini davam etdirməsinə böyük əhəmiyyət verilirdi. Respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırıldı, ölkədə tibb elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə qabaqcıl elm mərkəzlərində tədqiqatlar aparan, dissertasiyalar müdafiə edən həmin insanlar sonralar tibb elmimizin fəxri kimi, səhiyyəmizin inkişafına dəyərli töhfələr verdilər.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində tibbin demək olar bütün sahələr üzrə aparıcı mütəxəssislərinin Bakıda keçirilən qurultay və konfransları yüksək hazırlıqlı tibbi kadrların imkanlarını və qabiliyyətlərini səfərbər etmək məqsədi daşıyırdı. Ümumittifaq tədbirlərin respublikamızın paytaxtında keçirilməsinin elmi-praktik əhəmiyyəti ilə yanaşı, həm də siyasi mənası var idi. Bakı İttifaq miqyaslı elmi mərkəzə, tibb alimlərinin ənənəvi görüş yerinə çevrilmişdi.
Müstəqilliyimizin ilk illəri məlum hadisələr səbəbindən, əlbəttə ki, səhiyyə sahəsinin də geriləməsi ilə səciyyələnmiş oldu. Xalqımızın 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində müstəqillik uğrunda apardığı mübarizə, SSRİ-nin dağılması və bununla bağlı iqtisadi tənəzzül səhiyyəmiz üçün də izsiz ötüşmədi. Bir tərəfdən də müharibə, Ermənistanın etnik təmizləmə siyasəti və ərazilərimizin işğalı ilə bağlı 1 milyon qaçqın və məcburi köçkün ordusunun olması yenicə müstəqillik qazanan və hələ iqtisadi cəhətdən möhkəmlənməmiş bir ölkədə səhiyyəni prioritet sahə kimi inkişaf etdirməyə imkan vermirdi.
Lakin Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzaladığı bir sıra fərman və sərəncamlar, bu sahədə həyata keçirdiyi islahatlar səhiyyənin qısa müddət ərzində yenidən dirçəlməsi və dinamik inkişaf mərhələsinə qədəm qoyması üçün əsaslı baza yaratdı. Ümummilli Liderin 1998-ci ildə imzaladığı Sərəncamla səhiyyə sistemində islahatların təşkili və aparılması məqsədilə Hökumət Komissiyası yaradıldı. Bütün bunlarla yanaşı, səhiyyə sahəsində beynəlxalq əlaqələrin genişlənməsinə də diqqət artırıldı. 1994-cü ildən başlayaraq, Respublika Səhiyyə Nazirliyində xarici əlaqələr üzrə xüsusi şöbələr yaradıldı. 1993-2003-cü illərdə səhiyyə sahəsində bir sıra fundamental qanunlar, o cümlədən “Əhalinin sağlamlığının qorunması haqqında”, “Qan və onun komponentlərinin donorluğu haqqında”, “İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) yayılmasının qarşısının alınması haqqında”, “Əczaçılıq fəaliyyəti haqqında”, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında”, “Tibbi sığorta haqqında” və s. qanunlar işlənib hazırlandı və Milli Məclis tərəfindən qəbul edildi. Azərbaycan ərazisində QİÇS və vərəm xəstəliklərinin yayılmasının qarşısını almaq üçün Milli Proqramlar işlənib hazırlandı.
Birmənalı olaraq deməliyik ki, ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, əldə olunan inkişaf və tərəqqi Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyəmizin inkişafı yolunda ümummilli liderin xalqının hər bir nümayəndəsinin gələcəyini düşünərək gördüyü işlər öz dəyəri və böyüklüyü ilə əvəzsizdir.
Bu gün digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ulu öndərin siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını yaşadır. Möhtərəm Prezidentimizin rəhbərliyi altında Heydər Əliyev siyasəti, gələcəyə istiqamətlənmiş strateji inkişaf kursu davamlı surətdə irəliləyir və Azərbaycanın uğurlarının əsasını təşkil edir.
Kamaləddin Qafarov,
Azərbaycan Respublikası Milli Məclisi Səhiyyə Komitəsinin üzvü