Xəbər - Fərid Zöhrabov – Trend:
“Google maps”də vaxtilə işğal altında olan rayonlarımızın adlarının Azərbaycan dili ilə yanaşı, erməni dilində də verilməsi məsələsi diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir
Bunu AzerTimes-ın sorğusuna cavab olaraq XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib.
Onun sözlərinə görə, “Google maps” tətbiqində Azərbaycanın Qarabağ bölgəsinin adlarının rəsmi adları ilə Azərbaycan dilində göstərilməsi ilə yanaşı, saxta adlarla erməni dilində göstərilməsi məsələsi rəsmi diplomatik kanallarla “Google” şirkəti qarşısında qaldırılıb:
“Azərbaycanın ərazilərinin adlarının təhrif edilməsi ilə bağlı şirkət rəhbərliyinə məktub ünvanlanıb və ölkəmizin müvafiq ərazilərinin rəsmi coğrafi adlarının siyahısı qarşı tərəfə təqdib edilib.
Eyni zamanda, xatırlatmaq istərdik ki, bu ilin may ayında tərəfimizdən BMT-nin Coğrafi adlar üzrə Ekspertlər Qrupunun (UNGEGN) illik sessiyasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə hazırlanmış milli hesabat təqdim edilmişdir.
Bu hesabatda 4589 yaşayış məntəqəsinin Azərbaycan, ingilis və rus dillərində rəsmi qaydada standartlaşdırılmış və təsdiq edilmiş adlarını əks etdirən siyahını, habelə Ermənistan-Azərbaycan münaqişəsinin təsirinə məruz qalmış ərazilərimizdə yerləşən və təhrif edildiyi müəyyən edilmiş 125 coğrafi obyektin adını özündə ehtiva edir.
BMT-nin Coğrafi adların Standartlaşdırılması üzrə Konfransları çərçivəsində qəbul edilmiş qətnamələrə görə hər hansı bir dövlətin səlahiyyətli dövlət qurumu tərəfindən standartlaşdırılmış coğrafi adlara dəyişiklik edilməsi yolverilməzdir və bu kimi dəyişikliklər BMT tərəfindən tanına bilməz.
“Google maps” platformasına gəldikdə onu da qeyd etmək istərdik ki, bu tətbiq istifadəçilərin fərdi müraciətləri və yanaşmaları prinsipi əsasında fəaliyyət göstərir. Bu baxımdan vətəndaşlarımızın, habelə qeyri-hökumət
qurumlarının mövzu ilə bağll fəal şəkildə fikirlərini şirkətə yazmaları çox önəmlidir.
Hazırda məsələ diqqət mərkəzində saxlanılır və təhriflərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir”, – L.Abdullayeva deyib.