Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan-Rusiya münasibətləri müstəqillik tariximizdə ən yüksək dövrünü yaşayır. Ölkələrarası münasibətlər strateji tərəfdaşlıq xarakteri daşımaqla yanaşı, qarşılıqlı maraq üzərində qurulub.
Milli Məclisin deputatı Azər Badamov AzerTimes-a bildirib ki, hökumətlərarası komissiyaların fəaliyyəti ölkələrimiz arasında iqtisadi potensialı düzgün dəyərləndirərək bu müstəvidə əməkdaşlığımızı dərinləşdirir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
“Ölkələrimiz arasında ticarət dövriyyəsi artan templə inkişaf edir və müəyyən olunmuş hədəflərin icrasına yönəlib. Humanitar sahədə əməkdaşlığımız günü-gündən genişlənir. Azərbaycanda 340-dan çox məktəbdə rus dilində tədris aparılır. Rusiyanın aparıcı universitetlərinin filialları Bakıda fəaliyyət göstərir və ölkəmiz üçün vacib mütəxəssislər hazırlanır. Azərbaycanın Rusiyada ticarət evləri açılır və qeyri-neft məhsullarımızn təşviqi üçün işlər görülür. Rusiyanın müəsisələrinin Azərbaycanda filialları açılır. O cümlədən, işğaldan azad olunmuş ərazilərimizdə “KamAZ” zavodunun filialının yaradılması ilə bağlı razılıq əldə olunub”, – deyə A.Badamov bildirib.
Deputat qeyd edib ki, Rusiyanın 500-dən çox müəssisəsi Azərbaycana investisiya qoyub və fəaliyyət göstərir.
“Son bir həftədə Rusiya prezidentinin xüsusi nümayəndəsinin, Baş nazirin müavininin, Elmlər Akademiyasının prezidentinin Azərbaycana gəlməsi və 30-dan çox şirkətin iştirakı ilə Bakıda biznes konfransının keçirilməsi ölkələrimizarası münasibətlərin dərinləşməsindən xəbər verir. Biz qonşularımızla səmimi münasibətlərin möhkəmlənməsinə çalışırıq”, – deyə deputat bildirib.
Politoliq Şəbnəm Həsənova isə AzerTimes-a açıqlamasında bildirib ki, Rusiya-Azərbaycan münasibətləri fəal dialoq formatına malikdir.
“Cənab Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfəri həm Rusiya-Azərbaycan arasında qarşılıqlı fəaliyyətin, həm də regional problemlərin önəmli istiqamətlərinin müzakirə edilməsi baxımından olduqca vacib oldu.
Rusiya-Azərbaycan əlaqələri siyasi, iqtisadi, humanitar, təhsil və digər sahələrdə sürətlə inkişaf edərək, münasibətlərimiz strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq xarakteri daşımaqla çox fəal dialoq formatına malikdir.
Önəmli amillərdən biri də odur ki, iki ölkənin rəsmi şəxsləri arasında qarşılıqlı səfərlərin dinamikası yüksək səviyyədədir. Belə ki, son bir həftədə Azərbaycan Prezidenti Rusiya hökuməti sədrinin müavinini, Rusiya Elmlər Akademiyasının prezidentini, Rusiya Prezidentinin humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsini qəbul edib” – deyə politoloq bildirib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, Rusiya Azərbaycanın əsas iqtisadi-ticari tərəfdaşlarından biridir və Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 4,5 milyard birbaşa investisiya qoyulub, deməli, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq var.
“Bu baxımdan da sadəcə siyasi sahədə deyil, iqtisadi sahədə də ciddi addımlar atılır. Pandemiya və bundan irəli gələn iqtisadi məhdudiyyətlərə baxmayaraq, cari ilin ilk doqquz ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 11 faiz artıb. Rusiyanın 900 müəssisəsi Azərbaycanda fəaliyyət göstərir. Həftə ərzində isə Rusiya ekspert mərkəzinin, Rosekzimbankın, ümumilikdə Rusiyanın 30-dan çox şirkətinin iştirak etdiyi biznes konfransı keçirilib. Bu, ölkələrimiz arasındakı münasibətlərin inkişafına çox mühüm töhfə verir. Eyni zamanda, mövcud amil ondan xəbər verir ki, həm Rusiya, həm də Azərbaycan qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin daha da yüksəldilməsində maraqlıdırlar” – deyə politoloq bildirib.
Ş.Həsənova vurğulayıb ki, hal-hazırda Azərbaycanla Rusiya arasında 7 yol xəritəsi icra olunur ki, bu da iqtisadiyyat və humanitar sahələrin əksər istiqamətlərini özündə ehtiva edir: “Təhsil sahəsində də iki ölkə arasında qurulan körpü uğurludur. Belə ki, Azərbaycanda 300-dən çox rusdilli məktəb var. Azərbaycan məktəblilərinin 34 faizi rus dilində təhsil alır və ya rus dilini öyrənir. Rusiyada isə azərbaycanlı tələbələrin təhsil almasına əlverişli şərait yaradılıb ki, 15 minə yaxın azərbaycanlı gənc Rusiyada təhsil alır. Görüşdən yayılan görüntülərdə Vladimir Putinin Prezident İlham Əliyevi səmimi salamlaması səfərin ən diqqət çəkən məqamı hesab oluna bilər ki, bu amil də prezidentlər arasındakı şəxsi münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan tərəfi ötən bir illik zaman periodunda müharibənin mənfi nəticələrinin aradan qaldırılması, nəqliyyat və kommunikasiyaların açılması məsələsində maksimum konstruktiv mövqe sərgiləyib. İndiki məqamda isə regionda gələcək normal həyat üçün tarixi şərait mövcuddur. 44 günlük müharibədən sonra imzalanmış 2020-ci il 10 noyabr bəyanatından keçən zaman ərzində baş verən kiçik insidentlərin sistem xarakteri daşımadığını nəzərə alsaq indiyə qədər Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə ciddi insident baş verməyib. Azərbaycan-Ermənistan dövlət sərhədində yaşanan toqquşmalara, risklərə nəzarət etmək, onları minimumam endirmək və yekun sülh razılaşması üzərində işləməklə bağlı məsələlərin müzakirəsini, habelə üçtərəfli formatda müzakirəsini tələb edir”, – deyə politoloq vurğulayıb.