Xəbər - Fidan Babayeva – Trend:
Rusiyanın “QAZ” şirkətlər qrupu ilə “Azərmaş Park” MMC Azərbaycanda kommersiya və xüsusi avtomobillərin birgə istehsalını işə salıb.
Bunu AzerTimes-a “Azərmaş Park” MMC-dən bildiriblər.
Qeyd olunub ki, birgə müəssisənin yaradılması barədə saziş 2018-ci ilin yazında Bakıda imzalanıb: “2019-cu ilin fevralında zavodun tikintisi başlayıb. “QAZ” şirkəti “QAZel NEXT” və “QAZon NEXT” modellərinin bazasında avtomobil texnikasının istehsalı üçün komplektlər tədarük edəcək. Bundan başqa, şirkətin mütəxəssisləri müəssisə əməkdaşlarına məşğələ keçib və zəruri sənədləri təqdim ediblər”.
MMC nümayəndəsinin sözlərinə görə, gələcəkdə avtomobil buraxılışı üçün Azərbaycan istehsalı olan komponentlərdən istifadə nəzərdə tutulur: “Yeni istehsal 1,5 min yük maşını və xüsusi təyinatlı avtomobillərin buraxılışını nəzərdə tutur. Müəssisədə 100-dən çox iş yeri yaradılıb. Avtomobillərin dəyəri 17 min manatdan 130 min manatadək olacaq. İstehsal olunan texnikanın təkcə Azərbaycanın daxili bazarında satılması deyil, həm də xaricə, xüsusilə də Özbəkistana ixracı planlaşdırılır”.
(Tərcümə: Orxan Nəbiyev)