Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədrləri arasında görüş olub (FOTO)

Fevralın 16-da Azərbaycan Respublikası Baş nazirinin müavini,
Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası
Komissiyasının Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayev ilə
Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Komissiyanın Rusiya
tərəfdən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında
görüş keçirilib. Görüşdə, həmçinin hər iki ölkənin müvafiq dövlət
strukturlarının nümayəndələri iştirak ediblər.

Nazirlər Kabinetindən AzerTimes-a
verilən məlumata görə, göruş zamanı gündəlikdəki məsələlər,
həmçinin iqtisadi-ticari, qarşılıqlı sərmayə qoyuluşu, sənaye,
nəqliyyat-logistika, gömrük-sərhəd, neft-qaz, energetika, o
cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı və qida
təhlükəsizliyi, bank sahəsi, regionlararası əlaqələr, humanitar və
digər sahələrdə əldə olunmuş uğurlar və əməkdaşlığın perspektivləri
geniş müzakirə olundu.

Dövlət başçılarının ötən ilin noyabr ayında Soçidə keçirilmiş
ikitərəfli görüşü Azərbaycan-Rusiya strateji tərəfdaşlığının
növbəti təzahürü olduğu vurğulandı.

2022-ci ilin Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin
qurulmasının 30 ilinin tamam olması ilə əlamətdar olduğu
bildirildi.

Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclasının cari ilin
aprel-may aylarında Bakıda keçiriləcəyi səsləndirildi.

Koronavirus pandemiyasının neqativ təsirlərinə baxmayaraq
Azərbaycan-Rusiya ticarət dövriyyəsinin 2021-ci ildə 12%-dən çox
artdığı və 3,0 mlrd ABŞ dollarına çatdığı məmnunluqla qeyd
edildi.

Fevralın 12-də “Aqroekspress” layihəsi çərçivəsində
Azərbaycandan Rusiyaya ilk yük qatarının yola salınması iki ölkə
arasında həyata keçirilən birgə fəaliyyətin uğurlu nəticəsi kimi
dəyərləndirildi. Layihənin Azərbaycan-Rusiya iqtisadi-ticari
əlaqələrinin genişləndirilməsinə, sahibkarlığın
stimullaşdırılmasına töhfə verəcəyinə əminlik ifadə olundu.

Ölkələrimiz arasında əməkdaşlığın iqtisadi potensialının
reallaşdırılmasında işgüzar missiyaların, eyni zamanda Rusiya İxrac
Mərkəzinin Azərbaycan istiqamətində aktiv fəaliyyəti
vurğulandı.

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının
işgüzar dairələr arasında əlaqələrin inkişafında və yeni əməkdaşlıq
imkanlarının müəyyənləşdirilməsində rolu yüksək
qiymətləndirildi.


Görüşdə iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşlarının
artmasına hərtərəfli dəstək verilməsinin davam etdiriləcəyi, o
cümlədən ölkəmiz tərəfindən Rusiya iqtisadiyyatına 1,2 mlrd. ABŞ
dollarından çox sərmayə qoyulduğu, Rusiya tərəfindən isə Azərbaycan
iqtisadiyyatına 6 mlrd. ABŞ dollarından artıq investisiya
yatırıldığı qeyd edildi.

Rusiya şirkətləri üçün Azərbaycan sənaye parklarında həyata
keçirilən layihələrdə iştirak etmək üçün əlverişli imkanların
olduğu, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət
göstərmək üçün 14 şirkətin müraciət etdiyi diqqətə çatdırıldı.

Müxtəlif sənaye layihələri, o cümlədən avtomobil, dərman və
tikinti materiallarının istehsalı, dəmir yolları, şərabçılıq,
helikopter və avtomobil təmiri və s., uğurlu əməkdaşlığın təzahürü
kimi qiymətləndirildi.

Kənd təsərrüfatı sahəsində əməkdaşlığın böyük əhəmiyyəti
vurğulanaraq, Rusiyanın kənd təsərrüfatı üzrə Azərbaycanın ən böyük
istehlakçısı olduğu bildirildi. Diqqətə çatdırıldı ki, 2021-ci ildə
Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının həcmi 6% artıb. Bu
baxımdan Azərbaycandan Rusiyaya meyvə və tərəvəzin dəmiryolu
vasitəsilə daşınmasına verilmiş icazənin müddətinin 2023-cü il
yanvarın 1-nə qədər uzadılması yüksək qiymətləndirildi. Bununla
yanaşı, Rusiyanın Azərbaycana mineral gübrələrin və yem
bitkilərinin əsas tədarükçüsü olduğu və bu sahədə uğurlu
əməkdaşlığın mövcudluğu qeyd edildi.

Nəqliyyat-logistika sahəsində əməkdaşlığın səviyyəsi yüksək
dəyərləndirildi, iki ölkə arasında avtomobil daşımalarının həcminin
ötən il 6,6%, tranzit daşımalarının isə 14,3% artdığı xüsusi
vurğulandı.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti
vurğulanaraq həm Azərbaycan, həm də Rusiya tərəfindən dəhliz
çərçivəsində imkanların genişləndirilməsi üzərində fəal işin
aparıldığı bildirildi. Nəqliyyat Dəhlizi üzrə vahid operator
mexanizminin yaradılması perspektivləri müzakirə edildi.

Azərbaycan-Rusiya Regionlararası Forumun regionlararası
əlaqələrin inkişafında mühüm platforma olduğu və 11-ci Forumun
2022-ci ilin 2-ci yarısında keçirilməsinin planlaşdırıldığı qeyd
edildi.

Tərəflər Azərbaycan-Rusiya əlaqələrinin əməkdaşlığın bütün
sahələrində möhkəmləndirilməsinə və genişləndirilməsinə yönəlmiş
konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını
vurğuladı.

Teqlər: