Azərbaycan-Rusiya diplomatik münasibətlərinin 30-cu ildönümü ilə bağlı tədbir və sərgi keçirilib (FOTO)

4 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyində Azərbaycan Respublikası və Rusiya Federasiyası
arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü
münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tədbirdə
AR XİN-in rəhbər heyəti, Rusiya Federasiyasının Azərbaycan
Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak
edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə
başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər
nazirinin müavini Fariz Rzayev Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası arasında diplomatik münasibətlərin 4 aprel 1992-ci
ildə qurulmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin
tarixinin daha qədim olduğunu qeyd edib. SSRİ-nin dağılmasından
sonra iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə
əsaslanan münasibətlərin saxlanılmasında Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu bildirən
nazir müavini, iki ölkənin dövlət başçıları arasında qarşılıqlı
etimada əsaslanan siyasi dialoq sayəsində bugün müxtəlif sahələrdə,
o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil sahələrində
Azərbaycan və Rusiya arasında səmərəli əməkdaşlığın mövcud olduğunu
ifadə edib. Nazir müavini, Ermənistan ilə Azərbaycan arasında
münasibətlərin normallaşmasında Rusiyanın vasitəçi rolunu yüksək
qiymətləndirdiyimizi bildirib və regionda sülh və sabitliyə nail
olmaq üçün imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının
tam şəkildə yerinə yetirilməsinin mühüm şərt olduğunu
vurğulayıb.

Daha sonra çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail
Boçarnikov son 30 ildə iki ölkə arasında münasibətlərin inkişaf
dinamikasından bəhs edərək əlaqələrin davamlı şəkildə yüksələn xətt
üzrə irəlilədiyini qeyd edib. Münasibətlərin təməlində yaxın
zamanlarda 25 illiyini qeyd edəcəyimiz Rusiya Federasiyası və
Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı
təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqavilənin
dayandığı qeyd edilib və növbəti illərdə iki ölkə arasında
imzalanan birgə sənədlər məmnununluqla vurğulanıb. Azərbaycan və
Rusiya arasında münasibətlərin inkişafının əsasında iki dövlət
başçısı arasında mövcud olan yaxşı münasibətlər ilə yanaşı, iki
xalq arasında tarixən mövcud olan sıx təmasların durduğu
bildirilib. 30 il bundan öncə əsası qoyulan münasibətlərin bugün öz
bəhrəsini verdiyini qeyd edən səfir, əlamətdar gün münasibətilə öz
təbriklərini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Rusiya arasında
diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış
olublar.

Teqlər: