Azərbaycan Respublikası Müdafiə Nazirliyinin açıqlaması

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası
Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks
etdirməyən və birtərəfli açıqlaması ilə bağlı təəssüfünü
bildirir.

Martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun
Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu
ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət
müzakirə edilmişdir. Söhbət zamanı Azərbaycan tərəfi bəyan etmişdir
ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin
dəqiqləşdirilməsi aparılır.

Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında
qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan
Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.
Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı
dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan 2020-ci il 10 noyabr
tarixli üçtərəfli bəyanata sadiqdir və onun heç bir müddəasını
pozmayıb.

Təəssüflə qeyd edirik ki, həmin bəyanatın 4-cü bəndinə uyğun
olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni
silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq
çıxarılması indiyə qədər icra edilməmişdir. Buna görə bəyanatın
müddəalarını pozan Azərbaycan deyil, məhz Ermənistandır.

Müdafiə Nazirliyi bildirir ki, Rusiya Federasiyası Müdafiə
Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və
2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış
müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə ziddir.
Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi
yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil,
Fərruxdur.

Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası
Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli
bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun
qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın
beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq
çıxarılmasını təmin etməyi, Azərbaycan silahlı qüvvələrinin
ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş
formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və
Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş
edir.

Teqlər: