Xəbər - Ləman Zeynalova – Trend:
Azərbaycan regional və qlobal enerji təhlükəsizliyi sistemində rolunu daha da genişləndirib.
Trend-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov OPEC bülletenində dərc olunan müsahibəsində deyib.
O qeyd edib ki, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatında aparıcı rol oynayır, ölkədə hasil olunan neftin həcmi və qiyməti ümumi daxili məhsul və gəlirlərin formalaşdırılması baxımından vacib əhəmiyyət daşıyır.
“Son illərdə neft-qaz sektorunun büdcə gəlirləri və ixracda payı yüksək qalmaqdadır. 2020-ci ildə neft-qaz sektoru ÜDM-in 29,9 faizini, dövlət büdcəsi gəlirlərinin 56,7 faizi, ixracın 86,5 faizini təşkil edib. Bu baxımdan ötən müddət ərzində Əməkdaşlıq bəyannaməsi çərçivəsində neft qiymətlərinin sabitliyinin əldə olunması Azərbaycanda makroiqtisadi dayanıqlılığın möhkəmlənməsi üçün vacib əhəmiyyət daşıyır. Bu kontekstdə bizim fəaliyyətimiz Azərbaycanın sosial-iqtisadi inkişafında, əhalinin rifahının yüksəlməsində vacib rol oynayıb”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)