Azərbaycan Radioloqlarının II-ci Elmi-Praktik Konfransı öz işinə başlayıb

14 may 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi
Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük
Hospitalının və Azərbaycan Radioloqlar Cəmiyyətinin birgə
təşkilatçılığı, eləcə də “Bayer” şirkətinin əməkdaşlığı ilə
Azərbaycan Radioloqlarının II-ci Elmi-Praktik Konfransı öz işinə
başlayıb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə
öz işinə başlayan Konfransda Azərbaycan Respublikası Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
İsmayıl Əfəndiyev açılış nitqi ilə çıxış edib. O, konfrans
iştirakçılarını salamlayaraq düzgün diaqnozun qoyulmasında
radioloji müayinələrin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Müvafiq sahədə çalışan mütəxəssislərarası təcrübə mübadiləsinin
vacibliyini qeyd edən İ.Əfəndiyev bu istiqamətdə Dövlət Gömrük
Komitəsi Tibbi Xidmət İdarəsi və onun müvafiq strukturları
tərəfindən həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
İ.Əfəndiyev çıxışının sonunda konfransın işinə uğurlar arzu edərək
dinləyiciləri panel müzakirələrdə aktiv olmağa dəvət edib.

Konfransın rəsmi açılış hissəsində eyni zamanda Azərbaycan
Respublikasının Milli Məclisinin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, N. Tusi adına
klinikanın Radiologiya şöbəsinin müdiri, Azərbaycan Radioloqlar
Cəmiyyətinin sədri, t.ü.f.d. Yunus Əfəndiyev, Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin
Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə də
çıxış edib.

Rəsmi hissədən sonra konfransda Akad. M.A.Topçubaşov adına Elmi
Cərrahiyyə Mərkəzinin Şüa diaqnostikası laboratoriyasının rəhbəri,
Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü, professor Soltan
Manafov, Azərbaycan Tibb Universitetinin Radiologiya kafedrasının
müdiri, Azərbaycan Radioloqlar Cəmiyyətinin I katibi, professor
Məlahət Sultanova və Respublika Diaqnostika Mərkəzinin şöbə müdiri,
Azərbaycan Radioloqlar Cəmiyyətinin fəxri üzvü, professor Ahmet
Memişin moderatorluğu ilə birinci sessiya öz işinə başlayıb.

Azərbaycan və Türkiyədən olan ekspertlər tərəfindən müxtəlif
xəstəliklər zamanı düzgün radioloji yanaşmanın vacibliyi barədə
ümumilikdə 18 məruzənin təqdim olunmasının planlaşdırıldığı
konfransda Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi
Eldəniz Hüseynovun “Fetal MRT-nin müasir status” mövzusunda
təqdimatı dinlənilib.

400-ədək iştirakçının distant, 50 nəfər mütəxəssisin əyani
iştirak etdiyi Konfrans Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin
akkreditasiya Qaydaları” əsasında akkreditasiya olunaraq 8 DTT balı
ilə qiymətləndirilib.

Zoom platforması üzərindən hibrid formatda təşkil olunmuş
konfrans eyni zamanda Mərkəzi Gömrük Hospitalının rəsmi facebook
səhifəsi üzərindən canlı yayımlanıb.

Teqlər: