Azərbaycan qonşu ölkələr və Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə genişləndirəcək – Energetika naziri

Energetika naziri Pərviz Şahbazov 27-ci “Bakı Enerji Forumu”nda
salamlama nitqi ilə çıxış edib. Çıxışda Ümummilli lider Heydər
Əliyevin neft strategiyası ilə təşəkkül tapmış “Xəzər Neft və Qaz”
sərgi – konfransının uzun illər Azərbaycanın neft-qaz ölkəsi kimi
inkişafına qlobal marağın cəlb edilməsində və nailiyyətlərinin
dünyaya tanıdılmasında mühüm rolundan, bu müddətdə ölkəmizin Xəzəri
enerji mərkəzinə çevirən uğurlarından bəhs edilib.

Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün
məsələlərdə olduğu kimi enerji ilə bağlı da doğru zamanda,
ardıcıllıqla qəbul etdiyi çevik strateji qərarlar Avropa və dünya
bazarlarına dayanıqlı enerji təchizatının qarantı olan
diversifikasiya nümunələrini qazandırıb. Azərbaycan qazının Cənub
Qaz Dəhlizi ilə ən çox ehtiyac olan vaxtda avropalı istehlakçılara
tədarükü məhz belə bir siyasətin nəticəsidir. Energetika naziri
deyib ki, bu gün Azərbaycan qazı müxtəlif ölkələrin ümumi qaz
istehlakının 13-90%-ni təşkil edir: “TANAP və TAP ilə Türkiyə və
Avropaya indiyə kimi 29 milyard kubmetr, bu ilin 5 ayında isə 6,8
milyard kubmetr qaz nəql olunub. İlin sonuna bu göstəricinin 16
milyard kubmetrə çatacağı, Avropaya qaz ixracımızın 10 milyard
kubmetrin üzərində olacağı gözlənilir.”

Hazırda qlobal enerji arxitekturasının enerji təhlükəsizliyi və
iqlim çağırışlarına uyğun yenidən tərtib olunduğunu vurğulayan
nazir bu prosesdə “yaşıl” enerjinin enerji təchizatında üstünlük
verilən diversifikasiya mənbəyi olduğunu qeyd edib. Bildirilib ki,
enerji təhlükəsizliyi və dekarbonizasiyanın belə bir sinerjisi
“yaşıl” enerji keçidini sürətləndirən, onu enerji müstəqilliyinin
drayverinə çevirən müasir qlobal tendensiyadır. Mürəkkəb reallıqda
yeni həllər dünya əhalisinin, təxminən, 80%-nin yaşadığı
netto-enerji idxalçısı olan ölkələr qədər enerji ölkələrinin də
inkişaf kurslarına istiqamət verir. Bu ənənəvi neft-qaz
platformasının enerji forumuna çevrilməsi də məhz milli enerji
sektorunda dəyişikliklərin təzahürüdür.

Energetika naziri Pərviz Şahbazov deyib: “Bu gün burada deyə
bilərik ki, Azərbaycanın enerji sisteminin dinamikasını dəyişəcək
transformativ proseslər baş verir. Xəzərin enerji tarixində
tamamilə fərqli, yeni bir səhifə açılır. Belə ki, iki gün sonra
Qarabağın incisi Şuşada iri həcmli yaşıl” enerji layihələri üzrə
yeni müqaviləyə imza atacağıq. Belə davamlı təşəbbüslər Azərbaycan
Prezidentinin ölkənin inkişafında bərpa olunan enerji mənbələrini
strateji prioritet kimi təsbit edən “yaşıl” enerji kursuna qısa
müddətdə beynəlxalq marağın göstəricisidir. Azad edilmiş ərazilərin
zəngin bərpa olunan enerji potensialının “sıfır emissiya”lı “yaşıl”
enerji zonası konsepsiyasında istifadəsi çağırışına investorların
adekvat reaksiyasıdır.”

Çıxışda Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında
ağırlıq mərkəzinin tamamilə bərpa olunan enerjidən istifadəyə
əsaslanan “yaşıl” enerji zonası kimi Qarabağ-Şərqi Zəngəzur və 157
QVt-lıq külək enerjisi potensialı olan Xəzər dənizinin üzərinə
düşdüyü, bu geostrateji əhəmiyyətli məkanların Azərbaycanın həm də
“yaşıl” enerji ixracının mənbəyi olacağı qeyd edilib. İxrac
marşrutları qismində Zəngəzur dəhlizi, Qara dəniz üzərindən
planlaşdırılan yeni ötürücü xətlərdən bəhs edilib. Azərbaycanın
enerji sahəsində çoxistiqamətli islahatlarla dəstəklənən “yaşıl”
gündəliyinin qlobal inkişaf meyilləri ilə uzlaşdığını deyən nazir
bildirib ki, Azərbaycan irəlidə qənaət ediləcək qazın, “yaşıl
enerji” və “təmiz” hidrogenin ixracı sayəsində qonşu ölkələr və
Avropa ilə enerji tərəfdaşlığını bir çox alternativ mənbələr üzrə
genişləndirən ölkə olacaqdır.

Nazir “Enerji keçidi dövründə dəyişən dünyada yeni imkanlar və
problemlər” mövzusunda müzakirələrdə də iştirak edib.

Teqlər: