Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara etiraz müraciətləri ünvanlayacaqlar

Xəbər - Samir Əli – Trend:

Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara etiraz müraciətləri
ünvanlayacaqlar.

AzerTimes-ın məlumatına görə, bunu Jurnalistlərin Həmkarlar
İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyib.

O bildirib ki, bir sıra beynəlxalq təşkilatların nümayəndələri
manipulyativ hərəkətlərlə məşğul olaraq Azərbaycana qarşı kampaniya
aparırlar. Həmin qurumlar reytinq hazırlayan təşkilatlardır və guya
ki, insan haqları ilə, söz, ifadə azadlığı ilə bağlı hesabatlar
düzəldirlər.

“Lakin bəzi ölkələri qərəzli şəkildə qaralamaqla məşğuldurlar,
bəzi ölkələri isə haqlı olmadığı halda yüksəldib ən demokratik ölkə
kimi təqdim edirlər. Bu sırada beynəlxalq QHT-lər var. Onların
fəaliyyəti müəyyən mənada anlaşılandır. Çünki müəyyən məsələlərə
subyektiv yanaşa bilərlər. Amma təəssüf ki, biz belə qeyri-məqbul,
ikili standartlarla yanaşmanı dövlətlərarası təşkilatların
fəaliyyətində də müşahidə edirik. Bu yaxında bəlli oldu ki, bəzi
dövlətlərarası təşkilatların əməkdaşları təşkilat səviyyəsində
olmasa da, özlərinin fərdi sosial şəbəkə hesablarında Azərbaycan
dövləti, Azərbaycanın rekvizitləri haqqında aşağılayıcı ifadələr
işlədirlər. Düzdür, bunlar həmin təşkilatların mövqeyi və bəyanatı
səviyyəsində deyil. Amma istənilən halda qurumun əməkdaşları
olduqları üçün beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaradırlar. Bu
səbəbdən bizim QHT-lər təşəbbüs göstəriblər ki, həmin təşkilatlara
adbaad müraciətlər göndərək. Bu gün BMT rəhbərliyinə müraciətimiz
olacaq. Daha sonra isə digər təşkilatlara əməkdaşlarının neqativ
davranışları ilə bağlı müraciət edəcəyik ki, bu cür ikili
standartlara uyğun və yaramaz açıqlamalara aydınlıq gətirsinlər”, –
M.Ələsgərli deyib.

Teqlər: