Azərbaycan qazının maya dəyəri azalıb

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycanda istehsal edilən qazın maya dəyəri azalıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) illik hesabatında qeyd olunub.

Bildirilib ki, 2020-ci ildə 1000 m 3 qazın faktiki istehsal maya dəyəri 61,27 manat təşkil edib.

Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3,4%, əmək haqqı xərcləri 13,9%, sosial sığortaya ayırmalar 2,9%, amortizasiya ayırmaları 18,2%, təmir xərcləri 8,2%, texniki xidmət xərcləri 4,7%, nəqliyyat xərcləri 14,5%, mədən vergisi 17,7% və s. təşkil edib. Şirkət üzrə 1000 m3 əmtəəlik qazın maya dəyəri 2019-cu illə müqayisədə 0,62 manat (1,0%) azalıb.

SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, İstehsalat birliyinin digər xərcləri, Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ƏŞ-dən alınan qazın dəyəri, qazın emalı, saxlanması və nəqlinə çəkilən xərclər nəzərə alınmaqla 2020-ci ildə SOCAR üzrə satılan 1000 m3 qazın faktiki xərci 140,24 manat təşkil edir.

Qazın maya dəyərinin azalması keçən ilə nisbətən material xərclərinin, elektrik enerjisi xərclərinin, amortizasiya xərclərinin, mühafizə xərclərinin azalması hesabına baş verib. Belə ki, material xərcləri 2 214 min manat (16,0%), elektrik enerjisi xərcləri 1 206 min manat (43,4%), amortizasiya xərcləri 17 241 min manat (21,6%), mühafizə xərcləri 1 577 min manat (17,9%), digər vergilər üzrə 51 min manat (0,4 %) azalıb.

Twitter: @cingizsafarli

Teqlər: