Azərbaycan qazının Avropaya nəqli üzrə layihələr Aİ-nin xüsusi siyahısına daxil edilib

Xəbər - Ləman Zeynalova – AzerTimes:

Azərbaycan qazının Avropaya nəqli üzrə layihələr Avropa İttifaqının (Aİ) ümumi maraq kəsb edən layihələr siyahısına daxil edilib.

AzerTimes bu barədə Avropa Komissiyasına istinadən məlumat verir.

Qeyd olunur ki, sayca beşinci olan bu siyahıya Azərbaycandan Bolqarıstana illik bir milyard kubmetr qaz nəqlini nəzərdə tutan Yunastan-Bolqarıstan interkonnektoru (IGB); Rumıniya-Macarıstan dəhlizində klaster gücünün artırılması layihəsi (ROHU/BRUA); Bolqarıstan-Serbiya interkonnektoru daxil edilib.

Ümumi maraq kəsb edən layihələrin beşinci siyahısı 98 layihəni, o cümlədən 67 elektrik enerjisi və 20 qaz layihəsini əhatə edir.

Qeyd edək ki, IGB layihəsi Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutur. Boru kəmərinin buraxılış gücü ildə 3 milyard kubmetr təşkil edir və 5 milyard kubmetrədək çatdırıla bilər.

BRUA Rumıniya-Bolqarıstan interkonnektoru ilə birgə “Cənub Qaz Dəhlizi”, Mərkəzi Avropa və Balkanlar arasında vacib halqanı təşkil edir. Boru kəməri təbii qazın regional səviyyədə müxtəlif mənbələrdən, o cümlədən Xəzər regionundan nəql üçün yeni marşrut yaradacaq.

Serbiya-Bolqarıstan qaz kəmərinin 2023-cü ildə istismara verilməsi gözlənilir. Bu interkonnektor sayəsində Serbiya “Cənub Qaz Dəhlizi” də daxil olmaqla digər potensial tədarükçülərə qoşula bilər.

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: @Lyaman_Zeyn

Teqlər: