Cənab Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda onlayn müzakirələrdə 44 gün ərzində aparılmış Vətən müharibəsindən sonra Cənub Qafqazda inkişaf üçün yaranmış yeni şəraitlə bağlı iştirakçıları məlumatlandırdı və dünya ictimaiyyətini regionda yaranmış yeni reallıqlarla tanış etdi. Tərəddüdsüz deyə bilərik ki, regionda baş vermiş dəyişikliklər məhz cənab Prezidentin qətiyyəti və əzmkarlığı sayəsində baş verdi. Ermənistan uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlamaqla regionu iflic vəziyyətinə gətirmiş, inkişafını ləngitmiş, sivilizasiyadan ayırmış, özlərinin xarakterinə, xislətinə uyğun barbarlıq və vandalizm həyata keçirmişdir. Məhz Prezident İlham Əliyevin nəhəng siyasi iradəsi, Azərbaycan xalqının bir yumruq kimi birləşməsi və Ordumuzun sarsılmaz qüdrəti Ermənistanın işğal siyasətini artıq keçmişdə qoyub, qarşımızda yeni qapılar açılıb. Biz, həmçinin bütün region ölkələri bu uğurlu yeni şəraitə cənab Prezidentimizin düşünülmüş və icrası böyük qətiyyət və bacarıq tələb edən siyasəti nəticəsində nail olmuşuq.
AzerTimes xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
S.Möhbalıyevin sözlərinə görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzində Prezident İlham Əliyevin çıxışı zamanı bəyan etdiyi yeni layihələr, təşəbbüslər onu göstərir ki, bütün bunlar sülhə, inkişafa, tərəqqiyə, fəal əməkdaşlığa, xidmət edəcək: “Dünyanın bunu dəyərləndirməsi vacibdir. Artıq işğaldan azad edilmiş ərazilərdə fəal iqtisadi-siyasi əməkdaşlığa xidmət edəcək iri layihələrin icrasına başlanılıb. Görünən odur ki, Azərbaycan həmin əraziləri qapalı bir məkan kimi yox, region ölkələrinin hər sahədə inkişafına töhfə verəcək bir əraziyə çevirmək istiqamətində aktiv iş aparır”.
“Təkcə Zəngəzur dəhlizinin əhəmiyyətinə nəzər salmaq kifayət edir ki, bölgənin, ümumiyyətlə, regionun gələcək inkişaf perspektivlərini görək. Bu layihə iqtisadçıların hesablamalarına görə, 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik türkdilli ölkələri birləşdirəcək. Həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasına xidmət edəcək. Bu da Azərbaycanın region üçün nə qədər vacib ölkə olduğunu əyani sübutudur. Ermənistan isə bu layihəyə qarşı çıxmaqla region üçün təhlükəli mövqeyini bir daha ortaya qoyur, baxmayaraq ki, dəhlizin açılması bu dövlətin də inkişafına şərait yarada bilər. Cənab Prezidentimiz dəhlizin Ermənistanın pozucu etirazına baxmayaraq, mütləq reallaşacağını dəfələrlə bəyan edib”, – deputat vurğulayıb.
“Əgər xatırlayırsınızsa, dövlət başçımız 2003-cü ildə prezident seçiləndən sonra münaqişə ilə bağlı Ermənistanla aparılacaq danışıqlarda gedilə biləcək güzəşti açıqladı. Cənab Prezident bildirdi ki, bizim ən böyük güzəştimiz işğal altında olan torpaqları azad etmək üçün Ermənistanla bir masada oturub bu məsələni danışıqlar yolu ilə həll etmək ola bilər. Əks-təqdirdə müharibə variantı qaçılmazdır. Dövlət başçımızın təşəbbüsü ilə reallaşdırılan layihələrdən Ermənistanı havadarlarının təzyiqlərinə baxmayaraq, kənarda saxlamaq, təcrid etmək böyük siyasi cəsarət tələb edirdi. Prezident dövlət maraqlarından çıxış edərək, xalqın mənafeyi naminə işğalçı dövlətlə ərazilər azad olunmayana qədər əməkdaşlıq edilməyəcəyini birmənalı şəkildə ifadə etdi. Münaqişənin bugünkü nəticəsi ölkə rəhbərinin siyasi iradəsini və üzərinə götürdüyü öhdəliklərə sadiqliyinin bir daha sübut edir. Rəsmi Yerevanın işğal mövqeyi isə Ermənistanı şərhə ehtiyacı olmayan acınacaqlı, bütün sahələrdə böhran yaşayan rəzil duruma gətirdi. Son 6 ayda isə tənəzzüllə üz-üzədir. Daimi yenilməz qüdrətindən söz açdıqları orduları belə bu gün mövcud deyil. Ali Baş Komandanımızın rəhbərliyi altında silahlı qüvvələrimiz tərəfindən məhv edilib. Bu gün onlar özləri başladıqları münaqişənin məğlubiyyətlərinin günahını daşıya biləcək şəxslər axtarır və bu istiqamətdə biri-birilərini ittiham edirlər. Ölkədə seçkiqabağı son siyasi proseslər də gərginliyi daha da artırır, cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, – AHİK sədri qeyd edib.
O bildirib ki, uzun illər Ermənistanda qonşu ölkələr, o cümlədən Azərbaycan barəsində düşmən obrazı formalaşdırılıb, bəzi siyasi qüvvələr çirkin siyasi məqsədləri naminə cəmiyyətin beynini zəhərləyərək bu istiqamətdə onları öz yalanlarına inandırıblar: “Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başladı. Münaqişənin real mahiyyəti xalqa düzgün izah edilmədi. Bir sözlə, öz yalanlarına belə inanmağa başladılar. Və ölkədə bu gün baş verən psixoloji gərginlik artıq özləri üçün bir bəlaya çevrilmiş qeyri-real təbliğatın nəticəsidir. Xatırladım ki, Vətən müharibəsinin gedişində də biz erməni yalanlarının şahidi olurduq. Statistika və videogörüntülər yaymaqla guya Azərbaycan Ordusunu məhv etmək üzrə olduqlarını bəyan edirdilər. Ordumuz Şuşaya yaxınlaşanda isə “artıq Azərbaycan ordusu buradadır” deyərək öz yalanlarını etiraf etməli oldular. Bütün bunlar göstərir ki, 30 il bu ölkəyə rəhbərlik edən siyasi qüvvələr cinayətkar və yırtıcı siyasətləri ilə öz xalqlarına da düşmən kəsiliblər. Onlar hətta yenidən hakimiyyətə gəlməyə can atırlar, seçkiqabağı verdikləri bəyanatlar isə əməkdaşlığın, inteqrasiyanın, regional inkişafın qarşısını almağa hesablanıb”.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirakı xüsusi qeyd olundu. Qeyd edək ki, ötən il Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması ilə Azərbaycan qazının Avropaya nəqli başladı. Bu da ölkəmizin region və dünya üçün böyük əhəmiyyətini ortaya qoyur və birgə əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan tərəfindən fəal dəstəklənməsi ölkəmizin, Avrasiyanın mərkəzində unikal geostrateji mövqeyə malik olmasından xəbər verir. Həmçinin ölkəmiz geniş infrastruktur imkanları, zəngin neft-qaz yataqlarının mövcud olması ilə əlaqədar “İpək Yolu iqtisadi zolağı” kimi qlobal layihənin həyata keçirilməsində mühüm regional mərkəz hesab olunur. Bu, sənaye istehsalı sahəsində, neft və qaz sektorunda, yüksək texnologiyaların inkişafında, infrastruktur və digər sahələrdə Azərbaycan-Çin əməkdaşlığını daha da genişləndirməyə imkan yaradır ki, bu da ölkəmizi Çinin mühüm strateji tərəfdaşına çevrir”, – S.Möhbalıyev bildirib.
S.Möhbalıyev əlavə edib ki, ölkəmizin iqtisadi gücü imkan verir ki, daha iri layihələri həyata keçirək və bu da regional əməkdaşlığı zəruri edir: “Bu gün enerji və nəqliyyat layihələri Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin tərəfdaşları qarşısında mövqeyini artırıb, yeni layihələrin hazırlanması və icrasına investisiya yatırmaq üçün güclü tərəfdaşlıq yaratmağa imkan verib. Cənubi Qafqazda həyata keçirilmiş layihələrin kökündə bizim birgə səylərimiz durur. Bu da onu göstərir ki, Azərbaycan sülhün, əmin-amanlığın tərfdarıdır, mehriban qonşuluq prinsiplərinə əsaslanaraq bütün sahələrdə region ölkələrinin əməkdaşlığına imkan verir”