Azərbaycan qazının, eləcə də Türkiyənin dəniz limanlarına çatdırılan mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı kommersiya danışıqlarına başlanılıb.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Budapeştdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan qazının Avropaya tədarükünün genişləndirilməsi boru kəməri infrastrukturuna böyük investisiyalar tələb edəcək və Macarıstan belə layihələrin həyata keçirilməsində Avropa İttifaqının maliyyə yardımına ümid edir.
Siyarto bildirib ki, hazırda ölkə üçün yeganə etibarlı qaz mənbəyi “Türk axını” boru kəməridir.
Macarıstan hökumətinin enerji mənbələrinin şaxələndirilməsinə üstünlük verdiyini vurğulayan Siyarto qeyd edib ki, bunun üçün ən real variant Azərbaycan qazı və Türkiyə limanlarına gələn LNG-dir.
Azərbaycandan təbii qazın Cənubi Avropa bazarlarına ixracına 2020-ci ilin dekabrında Trans-Adriatik Boru Kəmərinin istifadəyə verilməsi ilə başlanılıb. Hazırda Azərbaycan Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 10 milyard kubmetr təbii qaz tədarük edir.