Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 17-ci iclası keçirilib (FOTO)

Sentyabrın 9-da Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçirilib.

Energetika Nazirliyindən AzerTimes-a bildirilib ki, iclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.

İclasda çıxış edən energetika naziri, Komissiyanın həmsədri Pərviz Şahbazov Baxıt Sultanovu Hökumətlərarası Komissiyanın həmsədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və uğurlar arzulayıb. Hökumətlərarası Komissiyanın Azərbaycan və Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin davamlı inkişafında mühüm rol oynadığını qeyd edib və bugünkü tədbirin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün yeni imkanların yaradılmasında məhsuldar olacağına inamını ifadə edib. Nazir Azərbaycan və Qazaxıstanın ümumi tarixə, oxşar mədəni və mənəvi dəyərlərə əsaslanan möhkəm dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlandığını, bugünkü yüksək səviyyəli qarşılıqlı münasibətlərin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Qazaxıstanın Elbası Nursultan Nazarbayevin əvəzolunmaz xidmətləri sayəsində əldə edildiyini vurğulayıb. Bildirilib ki, məhz bu görkəmli dövlət xadimlərinin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz regional güc mərkəzlərinə çevrilib və bu gün Azərbaycan və Qazaxıstan bir çox mühüm transmilli layihələrin təşəbbüskarlarıdır. Reallaşan qarşılıqlı rəsmi səfərlər və görüşlər əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevlə və Qazaxıstan Prezidenti Kasım-Jomar Tokayevlə keçirdiyi çoxsaylı görüşlərin nəticələri və bu görüşlər çərçivəsində imzalanmış ikitərəfli sənədlər münasibətlərimizin mütərəqqi inkişafı üçün əlverişli siyasi və hüquqi zəmin yaradır.
Nazir, həmçinin, 2021-ci ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 62 milyon ABŞ dolları təşkil etdiyini və ticarət əməkdaşlığının bütün istiqamətləri üzrə ixrac-idxal əməliyyatlarının həcmini artırmaq üçün böyük potensialın mövcud olduğunu qeyd edib: “Azərbaycanda Qazaxıstanın sənaye, kənd təsərrüfatı, ticarət, xidmət, tikinti və nəqliyyat sahələrində fəaliyyət göstərən 152 müəssisəsi qeydiyyatdan keçib. 1995-2021-ci illər ərzində Azərbaycan Qazaxıstana 203,7 milyon ABŞ dolları, Qazaxıstan isə Azərbaycana 94,8 milyon ABŞ dolları sərmayə qoyub”. Enerji sahəsində ikitərəfli müsbət ticarət dinamikasının müşahidə olunduğu da diqqətə çatdırılıb: “Qazaxıstanın xam neft və neft məhsulları bu gün Xəzər dənizi ilə Azərbaycan üzərindən Qara dəniz terminallarına daşınır. 2020-ci ildə “SOCAR Trading S.A.” şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına daha çox tədarük etmək məqsədi ilə Q.azaxıstan mənşəli 106 min ton xam neft alıb. Bu ilin yeddi ayında bu rəqəm 71 min ton təşkil edib” – deyə nazir əlavə edib. O da vurğulanıb ki, hazırda Azərbaycanda enerji səmərəliliyi və enerjinin istehsalı və istehlakında bərpa olunan enerji mənbələrinin payının artırılması sahəsində kompleks tədbirlər görülür. Bu istiqamətdə təcrübə mübadiləsinin uğurla həyata keçirildiyi və sahəyə maraq göstərən Qazaxıstan şirkətləri ilə əməkdaşlıq imkanlarının da nəzərdən keçiriləcəyi bildirilib.

Qazaxıstanın ticarət və inteqrasiya naziri, Komissiyanın həmsədri Baxıt Sultanov tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdırıb. Nazir ölkələrarası əməkdaşlığın mövcud vəziyyəti, Hökumətlərarası Komissiyanın fəaliyyətinin, eləcə də bugünkü iclasın ikitərəfli münasibətlərin daha da inkişafına töhfələrindən bəhs edib. Bildirib ki, iki ölkə arasında əmtəə dövriyyəsinə dair məlumatlar mövcud əməkdaşlıq potensialından istifadənin artırılması perspektivlərinin olduğunu göstərir. Qazaxıstan Azərbaycan iqtisadiyyatına tələb olunan malların tədarükünü ən qısa zamanda artırmağa hazırdır. Metallurgiya sənayesi, neft-kimya sənayesi, qida sənayesi və s. bu sahələrə aid ola bilər. Eyni zamanda, Qazaxıstan, öz növbəsində kənd təsərrüfatı məhsulları, neft-kimya və s. kimi bir sıra digər sənaye məhsullarının tədarükündə maraqlıdır. Baxıt Sultanov ənənəvi ticarət-iqtisadi əməkdaşlıqla yanaşı, nəqliyyat-logistika ticarət zəncirlərinin səmərəli şəkildə yenidən qurulmasında qarşılıqlı əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb. “Proqnozlara görə, 2028-ci ilə qədər dünya üzrə ticarət axınının həcmi 45% artacaq və logistikanın əsas hissəsi yerüstü nəqliyyatın üzərinə düşəcək. İndi bizim vəzifəmiz Transxəzər nəqliyyat dəhlizini dünya təchizat sisteminə düzgün inteqrasiya etməkdir”- deyə nazir qeyd edib.


İclasda Hökumətlərarası Komissiyanın 2019-cu il oktyabrın 9-da Bakıda keçirilmiş 16-cı iclasından ötən dövr ərzində ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində mövcud vəziyyət və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı görülmüş işlər nəzərdən keçirilib, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə edilib, müvafiq sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün konkret istiqamətlər üzrə birgə tədbirlər müəyyənləşdirilib.

İclasın sonunda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov imzalayıblar.
Komissiyanın 18-ci iclasının 2022Insert a tag (Alt+1)Insert a tag (Alt+2)-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.

Teqlər: