Biz görürük ki, möhtərəm cənab Prezidentin Müdafiə Sənayesi Nazirliyini yaradanda çox böyük uzaqgörənliyi indi təsdiqini tapır. İndi dünyada sursat almaq üçün növbəyə durmaq lazımdır. Təəssüflər olsun ki, bütün dünya silahlanır. Əgər biz indiki vəziyyətlə beş il bundan qabağı müqayisə etsək, tam fərqli vəziyyət görərik. Ona görə artıq biz bu ərəfəyə hazırlıqlı gəlmişik. Bizim imkanımız var ki, öz tələbatımızı azı 70 faiz təmin edək.
AzerTimes xəbər verir ki, bu fikirləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 25-də AZƏRTAC-a və AzTV-yə müsahibəsində söyləyib.
“Bizim məqsədimiz ondan ibarətdir ki, bunu daha da yüksək səviyyəyə qaldıraq. Burada söhbət atıcı silahlardan gedir. İndi də biz qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək. Mən sizi əmin edim ki, cənab Prezidentin hər bir sözünün arxasında iş durur və bu istiqamətdə də böyük işlər gedir. Azərbaycan qarşısında elə məsələlər qoyulub ki, sevindirici haldır, inşallah, biz ona da nail olacağıq, özümüzü ən müasir silah, texnika və sursatla təmin edəcəyik. Qardaş Türkiyənin imkanlarından istifadə edəcəyik və birgə istehsal həyata keçirəcəyik”, – deyə nazir əlavə edib.