Azərbaycan Qarabağı və Zəngəzuru nümunəvi bölgə kimi qurur – Könül Nurullayeva

2021-ci ilin yekunları növbəti ilin Azərbaycan üçün dinamik il
olacağını proqnozlaşdırmağa əsas verirdi. 44 günlük müharibədən
sonra yaranan reallıqlar bölgənin inkişafını təmin etməkdədir.
Azərbaycan öz gücü hesabına azad olunmuş əraziləri tamamilə yenidən
və müasir strandartlara uyğun şəkildə qurur. Prezident İlham
Əliyevin də söylədiyi kimi, Qarabağı da, Zəngəzuru da nümunəvi bir
bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan
yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva
deyib.

O bildirib ki, Azərbaycanın həyata keçirdiyi kompleks tədbirlər
bölgənin nəqliyyat və kommunal infrastrukturunun bərpasını da əhatə
edir.

“100 kilometr uzunluğu olan Horadiz-Ağbənd dəmiryolunun 60
kilometri artıq hazırdır. Eyni zamanda dörd və altı zolaqlı
avtomobil yolu da çəkilir. Yəni, ölkənin yol infrastrukturu surətlə
şaxələnir. Zəngilan Beynəlxalq Hava Limanının bu il istifadəyə
verilməsi planlaşdırılır. Azad edilmiş torpaqlarda Füzulidən sonra
ikinci beynəlxalq hava limanı olacaq. Laçın Beynəlxalq Hava
Limanının inşası 2024-cü ilə planlaşdırılır.

Zəngəzur dəhlizinə gəlincə, Prezident İlham Əliyevin də bəyan
etdiyi kimi, əgər Ermənistan Zəngəzur üzərindən keçid verməsə, özü
itirəcək və 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Ermənistan öz
öhdəliyini yerinə yetirmək istəmirsə, onda təbii ki, Azərbaycan da
hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir
məsuliyyət daşımayacaq”, – deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyev yaxın perspektivdə inşa
olunacaq sosial obyektlərlə bağlı da məlumat verdi.

“Məlum oldu ki, bu il Ağdam, Şuşa və Cəbrayıl daxil olmaqla 3
məktəbin inşası başa çatacaq, eyni zamanda dörd xəstəxana inşa
edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda
210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib.
Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.
Görülən bütün işlər böyük qayıdışdan sonra insanların layiqli həyay
səviyyəsini təmin etməkdir.

Qarabağ və Şərqi Zəngəzur həm də enerji, xüsusilə bərpa olunan
enerji potensialı ilə töhfə verməkdədir. Artıq ötən il azad edilmiş
ərazilərdə 9 elektrik yarımstansiyası inşa edilib, eyni zamanda
alternativ enerji mənbələrindən səmərəli istifadə üçün praktik
addımlar atılır. Bərpa prosesi həm də iş yerləri, kənd təsərrüfatı
və sənaye parklarının qurulmasını əhatə edir. Bir sözlə, Azərbaycan
postmünaqişə dövründə qarşıya qoyduğu vəzifələri plan üzrə yerinə
yetirir. Əldə olunan uğurlar həm də layihələrin vaxtında icra
olunmasının vacibliyini bir daha ön plana çıxarır”, – deyə deputat
əlavə edib.

Teqlər: