Azərbaycan Qarabağdakı nəhəng layihələri ilə dünyanı heyrətləndirir – Sahil Kərimli

Dünyanın nəzərləri yenə Azərbaycana yönəlib. Bölgənin nəbzi azad Qarabağda döyünür. 44 günlük şanlı Vətən Müharibəsi başa çatar-çatmaz Müzəffər Ali Baş Komandan Azərbaycanın bölgədə yeni reallıqlar yaradacağını bəyan etmişdi. Budur, tarixi Zəfərdən cəmi 1 il keçir və Azərbaycan həqiqətən də regionda yeni reallıqlar yaradır. Qarabağ həm siyasi, həm iqtisadi baxımdan nəinki bölgəyə, bütün dünyaya inteqrasiya edir. Azad edilmiş ərazilərdə fantastik bərpa işləri görülür, ağlagəlməz infrastruktur layihələri reallaşır. Bu layihələrin müəllifi Azərbaycandır.

Azərbaycan bölgədə yaradılan yeni reallıqlarla regionun sarsılmaz güc mərkəzinə çevrilir. Bu uğurlar dostlar üçün fərəh, düşmənlər üçün gözdağıdır. Türkiyə Prezidentini gətirən təyyarənin Qarabağın hava qapısına – Füzuli Beynəlxalq Hava Limanına enməsi, Azərbaycan və Türkiyə liderlərinə Qarabağın simvolik açarlarının təqdim edilməsi, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin təməlini qoyması çox böyük tarixi hadisədir. Qarabağdan izlədiyimiz bu tarixi görüntülər bütün türk dünyası üçün şərəfli, qürurlu anlar yaşadır. Bu, uzun illər həsrətlə gözlədiyimiz, xəyallarımızda canlandırdığımız, inanılmaz tarixi hadisədir.

Təməli qoyulan Zəngəzur dəhlizi, Qarabağdakı digər nəhəng layihələr nəinki bütün türk dünyası, ümumilikdə planetin gələcəyi üçün əvəzsiz önəmə malikdir. İki böyük türk liderinin bu misilsiz xidmətləri – Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək dəhlizin açılmasını təmin etmək ölkələrimiz və xalqlarımız üçün yenilməz güc, dayanıqlı iqtisadiyyat, sosial rifah, layiqli gələcəyi şərtləndirir. Əliyev və Ərdoğan bu baxımdan da şanslı lider, xoşbəxt dövlət başçılarıdır. Onlar üzərlərinə düşən bu tarixi missiyanı xüsusi əzmkarlıq və qətiyyətlə yerinə yetirirlər.

Etiraf etmək lazımdır ki, vəhşi düşmən tərəfindən yerlə yeksan edilmiş ərazilərdə sıfırdan şəhər və kəndlər tikmək, cəmi bir neçə aya beynəlxalq hava limanı, yüz kilometrlərlə yol, müasir infrastrutur, ağıllı yaşayış məntəqələri inşa etmək heç də asan iş deyil. Amma Azərbaycan bu missiyanın öhdəsindən layiqincə gəlir, bütün dünyanı heyrətləndirir. Çünki qüdrətlidir, güclü iqtisadiyyatı, qətiyyətli, bacarıqlı lideri var.

Son yüziliklərdə dünya tarixində ikinci bir dövlət tapmaq çox çətin olar – 30 ilə yaxın işğalda saxlanılan torpaqlarını cəmi 44 günə ildırım sürətli ilə azad edəsən, düşməni diz çökdürəsən və tarixi Zəfər qazanasan. Üstəlik dərhal, döyüşlər hələ tam başa çatmamış, mərmi, raket atəşləri altında tikintiyə başlayasan, yol çəkəsən, işıq, su xəttləri inşa edəsən. Bax, Azərbaycan bu gücün, bu qüdrətin, bu qətiyyətin sahibidir.

Bu gün bütün dünya Qarabağda reallaşan nəhəng regional layihələrin icrasını heyranlıqla izləyir. İki qardaş ölkənin – Azərbaycan və Türkiyənin ortaya qoyduğu bu əzmkarlıq dünyaya bir mesajdır, qardaşlıq, inkişafa, sülhə və təhlükəsizliyə töhfə mesajı. Eyni zamanda düşmənə güc göstərişi, Azərbaycanın şanlı Qələbəsini, bölgədəki liderliyini həzm etməyən qüvvələrə layiqli dərs.

Bu gün yaşananlar Azərbaycanın yazdığı yeni tarixin növbəti qızıl səhifəsidir. Əbədi fəxr və qürur duyacağımız şərəfli tarix. Heç şübhə yoxdur ki, gələcək nəsillər bugünkü güclü Azərbaycanla, yazılan möhtəşəm tarixlə fəxr edəcək.

Sahil Kərimli
Trend Beynəlxalq İnformasiya Agentliyinin Baş direktor müavini

Teqlər: