Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün düzgün yol seçdi – Sevil Mikayılova

Xəbər - Elçin Mehdiyev – Trend:

Həm siyasi, həm də iqtisadi cəhətdən güclü olan Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün mövcud reallıqları nəzərə alaraq düzgün yol seçdi. Hərbi-siyasi yolla məsələnin çözülməsi dünya düzənində cərəyan edən proseslərə adekvat idi və diplomatik səylərin nəticə verməməsi ədalətin bərpa olunmasında güc amilinin istifadə olunmasını zərurətə çevirdi.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Deputat vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı sülh diplomatiyasında kifayət qədər səbirli davranıb, beynəlxalq hüququn aliliyini müdafiə edib.

“Lakin bu yanaşma münaqişənin həlli istiqamətində ətalət yaradırdı və beynəlxalq birlik üçün artıq “unudulmuş” və ya “dondurulumuş” status almaqda idi. Məhz bu cür ədalətsiz yanaşma Azərbaycan dövlətinin öz mövqeyini yenidən formalaşdırması və güc amilini önə çıxarması ilə nəticələndi.

Xüsusilə, qeyd etmək lazımdır ki, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu (MQ) son dərəcə qeyri-effektiv fəaliyyət ortaya qoydu və bununla da vasitəçilik institutunun bu münaqişələrin çözülməsində lazımsız mexanizm olduğunu açıq şəkildə göstərdi. Bu gün münaqişə həll olunduqdan sonra da ATƏT MQ-nin passiv davranışı, əslində, bu qrupun uzun illər yarıtmaz fəaliyyətlə məşğul olmasına bariz sübutdur”, – deyə deputat vurğulayıb.

O qeyd edib ki, Azərbaycan dünya siyasətində fərqli presedent yaratdı, siyasət “qoçaq”larının boş, yalnız populizm xətrinə sasləndirdiyi bəyanatlarının nə qədər faydasız olduğunu sübut etdi.

“Bizi uğura aparan yol güc, zaman və əminlik oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixin çevrilmiş səhifəsidir və dövlətimizin gücü və səyləri sayəsində biz bu ağır yükü çiynimizdən atdıq. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı və sülhə gedən yolun aydın konturlarını bütün dünyaya göstərdi”, – deyə S.Mikayılova bildirib.

Deputatın sözlərinə görə, 2020-ci il Azərbaycan xalqının həyatında möhtəşəm bir il oldu.

“Tarixi ədalət bərpa olundu və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfər qazandı.

Əminik ki, bundan sonra da dövlətimiz gücünü artıracaq və öz gücünə əsaslanaraq bütün çağırışların öhdəsindən ləyaqətlə gələcək”, – deyə deputat əlavə edib.

Teqlər: