Milli-mənəvi dəyərlərə tapınan, zəriflik, incəlik, müqəddəslik rəmzi olan Azərbaycan qadını daim yüksək mənəvi idealların, nəcib, xeyirxah təşəbbüslərin tərəfdarı kimi çıxış edib, dünyada sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına çalışıblar. Azərbaycan xalqı tarixən ana adını uca tutub, fəallıqları, mərdlikləri ilə tariximizi zənginləşdirən, əfsanəyə çevrilərək Azərbaycan qadınının rəngarəng palitrasını yaradan qadınlarımızla qürur duyub, onlara dərin hörmət və ehtiramla yanaşıb.
Bunu AzerTimes-a millət vəkili Pərvin Kərimzadə deyib. Millət vəkili bildirib ki, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tariximizin şanlı səhifələrində yer alan Nigarın, Həcərin, Tomrisin, Nüşabənin, Qarabağ uğrunda gedən döyüşlərdə igid oğullarımızla çiyin- çiyinə azğın düşmənə qarşı mübarizə aparan Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın, Arəstə Baxışovanın sələfləri bu gün 8 Mart Beynəlxalq Qadınlar Gününü qalib ölkənin qadınları kimi qeyd edirlər.
Azərbaycan qadınlarının bütün dövrlərdə nümayiş etdirdiyi iradə, fədakarlıq, dərin düşüncə, vətənpərvərlik hissləri gələcək nəsillər üçün əsl örnək olub.
Qadınlarımızın missiyası bu gün də davam edir. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından və gender bərabərliyinin təmini ilə bağlı bir sıra addımların atılmasından sonra qadınlar öz hüquqlarının tam sahibinə çevriliblər. Bu gün respublikamızda dövlət qadın siyasəti, Ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə Başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Cəmiyyətimizdə ictimai-siyasi və sosial-mədəni yaşam tərzinin formalaşmasında, dövlət quruculuğunda yorulmadan çalışan qadınların fəaliyyəti göz qabağındadır.
Müasir Azərbaycan tarixində zəngin təcrübəsi, böyük humanizmi, xeyirxahlığı, nəcibliyi ilə XXI əsrın ən görkəmli Azərbaycan xanımı, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva qadın hərəkatının yeni səhifəsini yazır. Özünəxas nəcib, humanist və insanpərvər xarakteri ilə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açan, məsuliyyətli missiyasını böyük əzmkarlıqla öz üzərinə götürən Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi, vətənpərvərlik, bəşəri ideallara sadiqlik və zərif humanizm dayanır.
Sadəliyi, səmimiliyi ilə insanların sevgisini qazanan ölkəmizin birinci xanımı Mehriban Əliyeva hər bir azərbaycanlı qadınına nümunədir. Mehriban xanım Əliyeva UNESCO və İSESCO kimi nüfuzlu beynəlxalq təşkilatların xətti ilə Azərbaycan mədəniyyətini bütün dünyada tanınmasına nail olub. Mehriban Əliyevanın elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına yönəlmiş fəaliyyəti, ölkədəki quruculuq proseslərində yaxından iştirakı Azərbaycan qadınının modern tələblərə uyğun obrazı bu nəcib xanımın timsalında dünyaya nümayiş etdirilib. Mehriban xanım Əliyevanın beynəlxalq görüş və tədbirlərdə Azərbaycan qadınlarını ləyaqətlə təmsil etməsi, səsini ən yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırması, təltif olunduğu beynəlxalq mükafatlar Azərbaycan qadınının dünyadakı böyük nüfuzunun daha bir təsdiqidir.
Tarix boyu iradəsi, mərdliyi, saflığı, ən əsası isə sədaqəti ilə dünyaya nümunə olan Azərbaycan qadınlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Bayramınız mübarək, əziz qadınlar!