Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər – Rauf Əliyev

8 Mart – Beynəlxalq Qadınlar Günü ölkəmizdə rəsmi bayram günü
kimi qeyd olunur. Hər il bayram günü ərəfəsində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev 8 mart – Beynəlxalq
Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik
ünvanlayır, Azərbaycan qadınlarının bir qrupuna fəxri adlar verir,
digər bir qrupu isə orden və ya medallarla təltif edir.

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını
milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş,
ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün
dəyərli töhfələr vermişdir. Azərbaycan qadını tarix boyu müqəddəs
ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız
ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş,
Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq
nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət
göstərmişdir.

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan
Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ
qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak
etməyə başlamışlar. Sürətlə maariflənən qadınlarımız yüz illərdən
bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin,
mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.
Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik
görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək
analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan
xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu
gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Ölkənin ümumtəhsil müəssisələrində müəllimlərin 81,7 faizi, orta
istisas təhsili müəssisələrində 80,9 faizi, ali təhsil
müəssisələrində 54,0 faizi, həkimlərin isə 67,0 faizi qadınlardır.
Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi
işçilərin 57,6 faizini qadınlar təşkil edir. Son 10 ildə onlardan
elmlər doktoru elmi dərəcəsi alanların sayı 2,4 dəfə, fəlsəfə
doktoru elmi dərəcəsi alanların sayı 2,3 dəfə artmışdır. Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir
üzvlərindən isə 9-u qadındır. Azərbaycan qadınları ölkənin
siyasi-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul
əhainin ümumi sayındakı xüsusi çəkisi 48,3 faiz təşkil edir. Milli
Məclisdə qadın deputatların sayı artır. Əgər 1990-cı ildə qadın
deputatlar ümumi deputatların 4,3 faizini, 2000-ci ildə 10,7
faizini təşkil edirdisə, bu gün ölkəmizdə qadın deputatların xüsusi
çəkisi 18,5 faiz təşkil edir. Qadınların reproduktiv sağlamlığının
qorunması dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan ən
mühüm məsələlərdən biridir. Hazırda ölkədə 17 doğum evi, 118 qadın
məsləhətxanası qadınların reproduktiv sağlamlığının keşiyində
durur.

Azərbaycan qadınları torpaqlarımızın bir hissəsinin işğal
altında olduğu bir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyə olunması və xalqa, cəmiyyətə layiqli övlad kimi
yetişdirilməsi naminə ağır və şərəfli vəzifələri layiqincə yerinə
yetirmişlər. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün
sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf
və qürur mənbəyidir. Hazırda Azərbaycan Ordusunun bütün qoşun
növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb
ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən
qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə
yetirirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
dəfələrlə qeyd etmişdir ki, Azərbaycanda dövlət siyasətinin
mərkəzində azərbaycan vətəndaşı durur. Həyata keçirilən sosial
siyasətin əsas istiqamətlərindən biri də ailə, qadın və uşaq
problemlərinin həlli ilə bağlıdır. Respublikamızda bu sahədəki
problemlərin əlaqəli şəkildə, kompleks şəkildə həll olunması
məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
fəaliyyət göstərir. Komitə bu sahədə ahid dövlət siyasətinin
formalaşmasında iştirak edir və bu siyasətin həyata keçirilməsində
iştirak edir.

Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması,
qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların
qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin
ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün
bir çox qanunların qəbul olunması, mövcud qanunlarda
dəyişikliklərin edilməsi, fərman və sərəncamların imzalanması,
beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə
tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı
istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan
qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə
cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.

Qadınların Azərbaycan cəmiyyətində rolunun durmadan artmasına ən
bariz nümunə Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın
Birinci vitse-prezidenti təyin olunması, Yeni Azərbaycan
Partiyasının VII qurultayında partiyada birinci müavin postunun
təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti
Mehriban Əliyevaya həvalə olunmasıdır. Azərbaycanın Birinci
vitse-prezidenti və YAP Sədrinin birinci müavini kimi Mehriban
Əliyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə
birlikdə müasir Azərbaycanın dövlət quruculuğunda yaxından iştirak
edir və eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə tanınmasında və
təbliğ edilməsində böyük işlər aparır.

Milli Məclisin deputatı, Rauf Əliyev

Teqlər: